Türkiyə Sahil Mühafizəsinin TCSG “Dost” gəmisi daha bir testi müfəffəqiyyətlə keçdi
Türkiyə Sahil Mühafizəsi Komandanlığının donanmasına daxil edilmiş TCSG “Dost” gəmisinə helikopterlərin gecə və gündüz eniş və qalxma testləri uğurlu alınıb. “AzeriDefence”nin xəbərinə görə, bu barədə Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
Testlər çərçivəsində fevralın 7-də AB 412 EP helikopteri ilə ilk dəfə gecə və gündüz şəraitində eniş və qalxma testləri həyata keçirilib.
Məlumatda bildirilib ki, Sahil Mühafizə Komandanlığının “1700 Tonluq Sahil Mühafizə, Axtarış-Xilasetmə Gəmisi” layihəsi çərçivəsində, hələ də inşası davam edən 4 gəmidən ilki olan TCSG “Dost” 9 iyun 2010-cu il tarixində dənizə endirilib. Hazırda gəminin testləri davam etməkdədir.
Açıq dənizdə axtarış-xilasetmə əməliyyatlarını icra edəcək gəmi bundan əlavə, yanğın söndürmə, dənizin çirkləndirilməsi və qaçaqçılıqla mübarizə kimi əməliyyatlarda da istifadə edilə bilən təchizata sahib olacaq. Gəmilərə helikopterlərin enib-qalxması da mümkündür.
Qeyd edək ki, gəmi “Koç Holding”ə daxil olan “RMK Marine” şirkəti tərəfindən istehsal edilib. Gəminin uzunluğu 88,6 metr, eni 12 metr, sürəti saatda 20 mildir. Ölçüləri və tutumuna görə”korvet” sinifli gəmilər ailəsinə mənsubdur. “Dost”da 92 heyət xidmət edəcək. Gəmi 6 baldan yuxarı dalğalara dözə biləcək tərzdə inşa edilib.