Türkiyə HHQ təkmilləşdirilən A400M təyyarəsini təhvil alıb

Türkiyə HHQ təkmilləşdirilən A400M təyyarəsini təhvil alıb

Türkiyənin Milli Müdafiə Nazirliyinə (MSB) bağlı olan ASFAT şirkəti tərəfindən təkmilləşdirilən beşinci A400M “Atlas” hərbi nəqliyyat təyyarəsi Hərbi Hava Qüvvələri (HHQ) Komandanlığına təhvil verilib.

“Poliqon” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri kontr-admiral Zeki Aktürk qurumun həftəlik fəaliyyəti ilə bağlı keçirilən brifinq zamanı bildirib.

Qeyd edək ki, təkmilləşdirilməsinə cari ilin iyun ayında başlanılan A400M-in modernləşdirilməsi ilə bağlı işlər ASFAT şirkətinin Kayseridə yerləşən “Fasbat” təyyarə servis mərkəzində aparılıb.

“Fasbat” təyyarə servis mərkəzi 2021-ci ilin iyul ayında açılaraq istifadəyə verilib. Bu mərkəzdə həm Türkiyə, həm də digər ölkələrin A400M hərbi nəqliyyat təyyarələrinin təmiri, texniki dəstəyi və təkmilləşdirilməsi işlərinin aparılması nəzərdə tutulub.

Bu günə qədər “Fasbat” mərkəzində beş ədəd A400M nəqliyyat təyyarəsi təkmilləşdirilərək Türkiyə HHQ-yə təhvil verilib. Qarşıdakı müddət ərzində Türkiyə HHQ-yə məxsus daha dörd ədəd A400M-in “Fasbat” mərkəzində təkmilləşdirilməsi planlaşdırılıb.

CATEGORIES
TAGS