Ukrayna və İsveç “Gripen”lərin tədarükü ilə bağlı danışıqlar aparır.

Ukrayna və İsveç “Gripen”lərin tədarükü ilə bağlı danışıqlar aparır.

Ukrayna və İsveç hərbi yardım çərçivəsində Kiyevə JAS-39 “Gripen” qırıcılarının verilməsi ilə bağlı danışıqlar aparır.

“Poliqon” xəbər verir ki, bu barədə “Amerikanın Səsi” radiosuna müsahibəsində Ukrayna Prezident Ofisi rəhbərinin müavini İqor Jovkva söyləyib.

Onun sözlərinə görə, hazırda həm Ukraynanın prezidenti və İsveçin Baş naziri, həm də hər iki ölkənin müvafiq qurumları arasında bu istiqamətdə danışıqlar gedir.

Xatırladaq ki, ötən il İsveç hökuməti JAS-39 “Gripen” döyüş təyyarələrinin Ukraynaya tədarük edilə biləcəyini açıqlamışdı. Ancaq həmin vaxt İsveç tərəfi döyüş təyyarələrini tədarük etməkdə tərəddüd etmiş və bu variantı nəzərdən keçirməzdən əvvəl ilk növbədə NATO-ya qatılmalı olduqlarını bildirmişdilər. İsveç martın 7-də NATO-ya üzv olduqdan sonra “Gripen”lərin Ukraynaya tədarükü üçün də qapılar açılmışdı.

Hətta cari ilin mart ayında (NATO-ya üzv olduqdan sonra) İsveçin müdafiə naziri Pol Yonson “Gripen” döyüş təyyarələrinin Ukraynaya tədarükü ilə bağlı müzakirələrin aparıldığını və bu prosesin davam etdiyini açıqlamışdı.

Lakin bu ilin mayında TT xəbər agentliyinə müsahibəsində müdafiə naziri P.Yonson bildirdi ki, ABŞ istehsalı olan F-16 təyyarələrini Ukraynaya bağışlamağı planlaşdıran koalisiya ölkələri İsveçdən “Gripen”lərin göndərilməsi məsələsini təxirə salmağa çağırıb. Bunun əsas səbəbi isə hazırda əsas diqqətin F-16-ların tədarükünə yönəldilməsi ilə bağlıdır.

CATEGORIES