Ukrayna və Slovakiya birlikdə yeni 155 mm-lik ÖAQ yaradacaq

Ukrayna və Slovakiya birlikdə yeni 155 mm-lik ÖAQ yaradacaq

Ukrayna və Slovakiya 155 mm-lik özüyeriyən haubitsanın birgə hazırlanması barədə razılığa gəliblər.

“Poliqon” “Dennik E” nəşrinə istinadən xəbər verir ki, bu əməkdaşlığın məqsədi Slovakiyanın 155 mm-lik özüyeriyən “EVA” haubitsasının Ukrayna tələblərinə uyğunlaşdırılması və ukraynalı tərəfdaşların texniki həllərinin inteqrasiyasıdır.

Nəşr qeyd edir ki, yeni özüyeriyən artilleriya qurğularının (ÖAQ) yaradılmasında tərəfdaşlar Slovakiyanın “Konstrukta Defence” dövlət şirkəti, Ukrayna tərəfindən isə öz haubitsalarını istehsal edən Kramatorsk Ağır Dəzgahlar Zavodudur.

“Məqsədimiz bir il ərzində yeni haubitsanın funksional prototipini yaratmaqdır”, – deyə “Konstrukta Defence” şirkətinin direktoru Aleksandr Qurski bildirib.

Artıq hər iki şirkət əməkdaşlıq memorandumu imzalayıb. Bunu Kramatorsk Ağır Dəzgahlar Zavodunun direktoru Vitali Zaqudayev də təsdiqləyib. Slovak nəşri yazır ki, şirkətlər digər birgə fəaliyyət növləri haqqında da razılığa gəliblər.

““Konstrukta Defence”də biz yaxşı və etibarlı tərəfdaş tapdıq, onunla minaatan, döyüş sursatı, “Boqdana” layihəsinin modernləşdirilməsi, eləcə də yeni 155 mm-lik haubitsanın yaradılması sahəsində layihələr hazırlayırıq”, – deyə V.Zaqudayev bildirib.

Aleksandr Qurskinin sözlərinə görə, əməkdaşlıq Ukrayna Silahlı Qüvvələrinin 2022-ci ilin yayında sifariş etdiyi Slovakiyanın “ZUZANA 2” özüyeriyən haubitsalarından ukraynalıların razı qalması səbəbindən inkişaf etməyə başlayıb. Onlardan sonuncusu Ukraynaya 2023-cü ilin yanvarında gəlib. Bu əməkdaşlıq nəticəsində tərəflərin hər birinin öz imkanlarını və texniki həllərini maksimal dərəcədə sərmayə qoyacağı tamamilə yeni bir haubitsa hazırlamaq ideyası yaranıb.

“Dennik E” nəşri vurğulayır ki, hələlik bunlar yalnız həyata keçirilə bilməyən planlardır. Risklərdən biri Slovakiyada sentyabrda baş tutacaq seçkilər göstərilir. Ukraynaya hərbi dəstəyi dayandırmağa söz verən siyasi partiyaların seçkilərdə qalib gəlmə ehtimalı böyükdür. Hətta Ukrayna ilə kommersiya müdafiə əməkdaşlığı onlar üçün qəbuledilməz ola bilər.

Bununla belə, “Konstrukta Defence” şirkətinin direktoru Aleksandr Qurski qeyd edib ki, böyük silah layihələri adətən mümkün hökumət dəyişikliyindən sonra da davam edir. O, Slovakiya-Ukrayna haubitsasının inkişafını çox perspektivli hesab edir, əgər kimsə onu süni şəkildə dayandırsa, bu, bütün Slovakiya müdafiə sənayesi üçün ayıb olar.

“Ukraynalı tərəfdaşlarla layihə 1989-cu ildən bəri ya tənəzzülə uğramış və ya hələ də dayanmış bütün silah sənayemiz üçün böyük imkandır”, – deyə dövlət şirkətinin rəhbəri əlavə edir.

“EVA” ÖAQ 6×6 və ya 8×8 təkər formullu Tatra T815-7 şassisi üzərində quraşdırılmış 155 mm-lik haubitsadır. “EVA” ÖAQ Slovakiyanın 155 mm-lik “ZUZANA 2” özüyeriyən qurğusunun əsasında layihələndirilib.

ÖAQ NATO-nun JBMoU (Joint Ballistic Memorandum of Understanding – Qarşılıqlı anlaşma barədə birgə ballistik memorandum) standartına uyğun layihələndirilib. Qurğu lüləsinin uzunluğu 52 çap olan haubitsa, avtonom INS naviqasiya sistemi və mərminin başlanğıc sürətini ölçən radiolokasiya stansiyası ilə təchiz edilib.

Haubitsa avtomatik doldurma sistemi ilə təchiz edilib və içərisində 12 atışa hazır atəş yığımı var, şassidə də 12 əlavə atəş yığımı daşıyır. Haubitsadan həm düzünə, həm də asma atəş aparmaq mümkündür.

Atəş məsafəsi ERFB-BB tipli atəş yığımı ilə atış apardıqda 41+ km, VLAP tipli atəş yığımı ilə atış apardıqda >50 km təşkil edir.

Artilleriya qurğusuna üç nəfərdən ibarət heyətə xidmət göstərir. Atəş tezliyi avtomatik rejimdə bir dəqiqədə 5 atışdır. İlk üç dəqiqədə 13 atəş aça bilir.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS