Xəbərlər

Vətən müharibəsinin xronikası: döyüşlərin 43-cü günü

Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq 2020-ci il sentyabr ayının 27-də Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 gün davam edən “Dəmir yumruq” əməliyyatı nəticəsində təxminən otuzillik işğala son qoyuldu və Azərbaycanın ərazi bütövlüyü bərpa edidi. Bu döyüşlər tarixə işğal olunmuş Qarabağ torpağı uğrunda Vətən Müharibəsi adı ilə düşdü.

“Poliqon” Vətən müharibəsinin 43-cü gününün xronikasını təqdim edir.

Noyabrın 8-də Azərbaycana Prezidenti İlham Əliyev xalqa müraciət edərək müjdəsini çatdırıb: “Əziz həmvətənlər, əziz bacılar və qardaşlar. Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm! Bütün şuşalıları ürəkdən təbrik edirəm!”

Noyabrın 8-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrini müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub. Döyüş əməliyyatları müxtəlif intensivlikdə əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib.

Gün ərzində cəbhənin əsas istiqamətlərində düşmənə ciddi zərbələr vurulub. Cəbhənin bəzi sahələrində düşmən şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.

Gün ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, 4 ədəd T-72 tankı, 2 ədəd D-20 topu və döyüş sursatı ilə dolu bir neçə hərbi yük avtomobili məhv edilib.

Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrinin mövqeləri düşmən tərəfindən fasilələrlə atəşə tutulub. Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinin susdurulması üzrə cavab tədbirləri görülüb.

Azərbaycan Ordusunun cəbhənin Xocavənd istiqamətində keçirdiyi hücum əməliyyatı nəticəsində düşmənə ağır zərbələr endirilib. Xocavənd istiqamətində Ermənistan silahlı qüvvələrinin ön idarəetmə məntəqəsinə Azərbaycan Hərbi Hava Qüvvələrinin Su-25 həmlə təyyarəsi və PUA-nın tətbiqi ilə endirilən aviasiya zərbələri nəticəsində düşmənin səngər və sığınacaqları dağıdılıb, yüksək vəzifəli şəxsləri məhv edilib.

Ermənistan silahlı qüvvələrinin 2-ci motoatıcı alayının 2-ci və 4-cü taborları şəxsi heyət və hərbi texnikada itkilərə məruz qalıb. Azərbaycan bölmələrinin 120 mm-lik minaatan batareyalarının atəş zərbələri nəticəsində cəbhənin Xocavənd istiqamətində olan Ermənistan silahlı qüvvələrinin 3-cü motoatıcı alayın bölmələrinin şəxsi heyəti arasında da xeyli sayda ölən və yaralananlar olub. Məlum olub ki, alayın bölmələrinin birinin komandiri şəxsi heyətlə birlikdə döyüş mövqelərini ataraq qaçıb.

Həmçinin, Xocavənd rayonunun Qırmızı Bazar məntəqəsinin ətrafındakı düşmən bölmələrinin mövqelərinə də artilleriya zərbələri endirilib.

Cəbhədə müqavimət göstərə bilməyən düşmən, bir qayda olaraq, çıxış yolunu dinc əhalini və mülki infrastrukturu atəşə tutmaqda görüb. Ermənistan silahlı qüvvələri Tərtər, Ağdam və Ağcabədi rayonlarının kəndlərini gün ərzində müxtəlif silahlardan atəşə tutub.

Poliqon.az

Back to top button