Vilayət Eyvazov Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunları komandanını qəbul edib

İyunun 22-də daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Azərbaycanda rəsmi səfərdə olan Pakistanın Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı, ordu generalı Qamar Caved Bacvanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
DİN-in mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, qonağı salamlayan nazir strateji müttəfiqlər olan iki dövlət arasında əlaqələrin zəngin tarixə və dərin köklərə malik olduğunu, ulu öndər Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin bu münasibətlərin möhkəm təməllər üzərində qurulmasına hər zaman xüsusi önəm verdiklərini qeyd edib.
General-polkovnik Vilayət Eyvazov qonağa Azərbaycandakı mövcud kriminogen durum, həyata keçirilən islahatlar, cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində əldə edilən nəticələr barədə qısa məlumat verib.
İki ölkənin Daxili İşlər nazirlikləri arasında səmərəli əməkdaşlığa söykənən ikitərəfli münasibətlərin mövcudluğunu diqqətə çatdıran nazir V.Eyvazov imzalanmış beynəlxalq hüquqi sənədlər əsasında transmilli mütəşəkkil cinayətkarlıqla, narkotiklərin qanunsuz dövriyyəsi ilə və xüsusilə insan alverinə qarşı mübarizədə birgə səylərin göstərildiyini, əməliyyat məlumatlarının mübadilə olunduğunu da bildirib. O, eyni zamanda hüquq-mühafizə orqanları arasında əməkdaşlıq əlaqələrinin Beynəlxalq Kriminal Polis Təşkilatı (İNTERPOL) çərçivəsində də uğurla həyata keçirildiyini və DİN-in Daxili Qoşunları ilə Pakistanın Qlobal Sənaye və Müdafiə Həlli Təşkilatı arasında hərbi maddi-texniki sahədə yaradılmış əlaqələrin uğurla davam etdirildiyini vurğulayıb.
Ətraflı məlumata görə təşəkkür edən ordu generalı cənab Qamar Caved Bacva hər iki dövlət və xalq arasında dostluq, qardaşlıq münasibətlərinin həqiqətən dərin köklərə malik olduğunu önə çəkərək xüsusilə son illər ərzində bütün sahələrdə əlaqələrin daha sürətli inkişafından, ölkədə yaradılmış sabitlik və əmin-amanlıqdan məmnunluğunu bildirib.
Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.




