
Polşa istehsalı MS-20 “Dağlezja” avtomobil şassisindəki mexanikləşdirilmiş körpülərin bir partiyası Vyetnama çatdırılıb və son qəbul tədbirləri yerinə yetirilir.
“Poliqon” “Defence24”ə istinadən xəbər verir ki, 2018-ci ilin dördüncü rübündə imzalanmış müqaviləyə əsasən OBRUM Mexaniki avadanlıqların Elmi-Araşdırma Mərkəzi dörd dəst MS-20 “Daglezja” mexaniki körpüsünü istehsal edib Vyetnam Xalq Ordusuna təhvil verməlidir.
Bu nəqliyyat vasitələri yerli iqlim şəraiti baxımından alıcının tələblərinə tam uyğunlaşdırılıb. Nəticədə elektron sistemlər, hidravlik sistemlər və korroziyadan müdafiə dəyişdirilib. Bundan başqa, bütün vasitələr yerli iqlimə uyğunlaşdırılmış xüsusi boya ilə rənglənib.
OBRUM mühəndisləri öz növbəsində bu sistemlərin 20 operatorundan ibarət ilk qrupunu hazırlayırlar.
Polşa istehsalı mexaniki körpülərin alınması Vyetnam ordusunun maneələri aşma qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq. Vyetnam bu sistemlərin Polşadan sonra ikinci istifadəçisidir. Hazırda bu körpülərin 12 dəsti Polşa Ordusunun Mühəndis Qoşunlarının istifadəsindədir.
Avtomobil şassili mexanikləşdirilmiş körpü olan MS-20 “Dağlezja” Polşanın “OBRUM Sp. z o.o.” şirkəti tərəfindən layihələndirilib. 6×6 ötürücülü “Jelcz C662D.43” dartıcısından, 6×6 hidralik ötürücülü nəqliyyat qoşqusundan, körpü itələyicisindən və PM-20 körpüsündən ibarətdir.
Bu sistemin əsas vəzifəsi MLC70/110 sinifindəki ağırlığı 63,5 tona qədər və xüsusi hallarda MLC80/120 sinifindəki ağırlığı 72,6 tona qədər olan bütün avtomobillərin 20 metr qədər enlikdə su və ya ərazi maneələrini dəf etməsinin təmin olunmasıdır.
Sistem sürücü və körpü operatorundan ibarət iki nəfərlik heyət tərəfindən idarə olunur. Ümumi kütləsi 47.9 ton (zirehli kabinalı versiyada 49.5 ton), şossedə maksimal hərəkət sürət isə 80 km/saatdır. Tayları qatlanmış variantda körpünün özünün uzunluğu 16,5 metrdir.
Əhəd Əzizov







