Zakir Həsənov: “Azərbaycanın qazandığı qələbə Cənubi Qafqaz regionunda sabitliyin təmin olunmasına böyük töhfə verəcək”

Mayın 20-də Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov Vaşinqtonda fəaliyyət göstərən Xəzər Siyasi Mərkəzinin icraçı direktoru Əfqan Niftinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Müdafiə naziri qonaqlara regiondakı hərbi-siyasi vəziyyət, ordu quruculuğu sahəsində həyata keçirilən islahatlar, habelə Azərbaycan tərəfindən beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasına verilən töhfə və digər məsələlər barədə ətraflı məlumat verib.
General-polkovnik Z.Həsənov bildirib ki, Prezident İlham Əliyevin komandanlığı altında əks-həmlə əməliyyatı ilə başlayan Vətən müharibəsi Azərbaycan Ordusunun şanlı qələbəsi ilə başa çatıb və torpaqlar işğaldan azad edilib. Qazanılan qələbənin Cənubi Qafqaz regionunda sabitliyin təmin olunmasına töhfə verəcəyini xüsusi qeyd edən Müdafiə naziri azad edilmiş ərazilərdə Azərbaycan Ordusu tərəfindən hazırda həyata keçirilən tədbirlər haqqında da qonaqları məlumatlandırıb.
Öz növbəsində, nümayəndə heyətinin üzvləri Vətən müharibəsində əldə olunan qələbə münasibətilə Azərbaycan xalqını təbrik edib, şəhidlərin yaxınlarına başsağlığı verib və yaralılara şəfa diləyiblər. Müharibənin ilk günündən döyüşlər haqqında məlumatları diqqətlə izlədiklərini, müxtəlif qoşun növlərinin cəlb olunması ilə həyata keçirilən əməliyyatların təhlilini apardıqlarını qeyd edən qonaqlar ABŞ, eləcə də digər ölkələrin hərbi ekspertləri tərəfindən Azərbaycan Ordusunun bu müharibədə qazandığı təcrübənin, tətbiq olunan taktika və döyüş üslubunun dərindən öyrənildiyini xüsusi vurğulayıblar.
Mərkəzin icraçı direktoru Əfqan Nifti qurumun fəaliyyəti barədə ətraflı məlumat verərək Azərbaycana səfərin vacibliyi və bu cür görüşlərin qarşılıqlı təcrübə mübadiləsi baxımından əhəmiyyətini vurğulayıb.
Görüş zamanı general-polkovnik Z.Həsənov qonaqları maraqlandıran çoxsaylı sualları cavablandırıb.
Qeyd edək ki, görüşdə Xəzər Siyasi Mərkəzinin idarə heyətinin üzvləri Riçard Hoqland və Robert Sekuta, eləcə də ABŞ Ordusunun ehtiyatda olan general-mayoru Maykl Repass da iştirak edib.




