Zakir Həsənov Türkiyənin milli müdafiə naziri ilə görüşüb – VİDEO

Zakir Həsənov Türkiyənin milli müdafiə naziri ilə görüşüb – VİDEO

Azərbaycanda rəsmi səfərdə olan Türkiyə milli müdafiə naziri Yaşar Güler və rəhbərlik etdiyi nümayəndə heyətinin Müdafiə Nazirliyində təntənəli qarşılama mərasimi olub, hər iki ölkənin müdafiə nazirləri fəxri qarovulun önündən keçib.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestrinin ifasında Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib. Protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.

Qarşılama mərasimindən sonra müdafiə naziri və nazirliyin digər rəhbər heyəti Türkiyə nümayəndə heyəti ilə görüşüb.

Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edən general-polkovnik Z.Həsənov bu istiqamətdə görülən işlərin bundan sonra da yüksələn templə davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Türkiyənin milli müdafiə naziri kimi qardaş ölkəyə ilk rəsmi səfərindən məmnunluğunu ifadə edən Y.Güler iki ölkə arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edib.

Görüşdə Azərbaycan-Türkiyə arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

CATEGORIES
TAGS