Türkiyədə “Siper” ZRS-nin atış sınağı keçirilib
Türkiyənin uzaq mənzilli “Siper” hava hücumundan müdafiə sisteminin növbəti atış sınağı keçirilib.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir rəsmi sosial media hesabında bildirib.
Türkiyə Müdafiə Sənayesi Başqanlığının rəhbərliyi altında ölkənin “Roketsan” və “Aselsan” şirkətləri, TÜBİTAK-SAGE mərkəzi tərəfindən birgə hazırlanmış “Siper” zenit-raketi sistemi (ZRS) ilk dəfə ictimaiyyətə nümayiş etdirilib.
İsmail Dəmir yeni zenit-raket sisteminin 2023-cü ildə Türkiyə HHM qüvvələrinin inventarına daxil olacağını bildirib.
2018-ci ildə hazırlanmağa başlanan “Siper” ZRS “Patriot” və S-400 sistemlərində olduğu kimi birdən çox raket variantına sahib olacaq.
“Siper” zenit-raket sistemi batareyasına 4 ədəd raket buraxıcı sistemi, 2 ədəd raket yükləmə sistemi, 1 ədəd “Teirs” radarı, 1 ədəd atəşi idarəetmə mərkəzi, 1 ədəd atəşə nəzarət radarı və 3 ədəd rabitə stansiyası daxildir.
ZRS, atış məsafəsi 70 km təşkil edən “Siper Blok-I” raketi ilə komplektləşdirilib. Bu raket “Hisar-RF” raketinin bazasında yaradılıb. “Siper Blok-I” raketi “Hisar-A+” və “Hisar-O+” raketləri kimi iki impulslu mühərriklə təchiz edilib.
Rizvan Fikrətoğlu