Rumıniya ağır PDM alınması üçün tender elan edəcək

Rumıniya ağır PDM alınması üçün tender elan edəcək

Rumıniya öz ordusunu təchiz etmək üçün yeni piyada döyüş maşınları (PDM) almağı planlaşdırır.

“Poliqon” “Adevarul.ro”ya istinadən xəbər verir ki, bu məqsədlə Rumıniya tərəfi tender elan edəcək və artıq iştirakçılar da məlumdur.

Gələcək döyüş maşınlarının təxmini dəyərinin 3 milyard avroya yaxın olacağı gözlənilir.

PDM-lər Rumıniya Ordusunun “Tırtıllı piyada döyüş maşını – MLI (Masina de Lupta a Infanteriei)” proqramı çərçivəsində alınacaq.

Məlumatlı mənbələrə görə, üç böyük qlobal silah istehsalçısı zirehli texnikanın tədarükünə dair müqavilə uğrunda yarışacaq. Bunlar “General Dynamics European Land Systems” şirkətinin ASCOD döyüş maşını, Cənubi Koreyanın “Hanwha Defense” şirkəti tərəfindən istehsal edilən AS-21 “Redback” PDM və Almaniyanın “Rheinmetall” şirkətinin “Lynx” PDM-dir.

Piyada döyüş maşınlarının tədarükü müqaviləsi ilkin maşın partiyalarının idxalını, sonra isə texnologiyaların Rumıniyanın müdafiə sənayesinə ötürülməsini və gələcəkdə Rumıniyada zirehli maşınların istehsalını təmin edəcək. Bu proqram iki mərhələdən ibarət olacaq. Birinci mərhələdə təlim simulyatorları və ilkin maddi-texniki dəstək də daxil olmaqla 246 PDM-in alınması planlaşdırılır.

Bu mərhələnin 2023-cü ildə başlaması və 2031-ci ilə qədər davam etməsi gözlənilir. Adı çəkilən mərhələ üzrə satınalma müqavilələrinin təxmini dəyəri 2,5 milyard avro təşkil edir.

İkinci mərhələdə isə 450 milyon avro dəyərində daha 52 ədəd zirehli texnika alınacaq.

ASCOD (Austrian Spanish Cooperative Development) piyada döyüş maşını Avstriyanın “Steyr-Daimler-Puch Spezialfahrzeug AG” şirkəti və 2003-cü ildən “General Dynamics Corporation” korporasiyasının “General Dynamics European Land Combat Systems” Avropa bölməsinin tərkib hissəsi olan İspaniyanın “Santa Bárbara Sistemas” şirkəti tərəfindən yaradılıb. Döyüş maşını 28 tona qədər çəkiyə malikdir və müştərinin ehtiyacından asılı olaraq müxtəlif silah sistemləri, uzaqdan idarə olunan modullar və ya qüllələrlə təchiz oluna bilər.

ASCOD PDM, Avstriya Ordusunda “Ulan” PDM və İspaniya Ordusunda “Pizarro” PDM və Böyük Britaniya Ordusunda “Ajax” adı ilə silahlanmada durur.

ASCOD PDM klassik bir quruluşa malikdir, güc qurğusuna 720 at gücündə MTU 8V-183-TE22 8 V-90 dizel mühərriki aiddir. Şossedə yanacaq üzrə gediş ehtiyatı 600 km-dir.

Döyüş maşını üç nəfər heyət üzvünü və səkkiz nəfər desantı qəbul edə bilir.

Silah sisteminə SP-30 döyüş modulunda yerləşdirilmiş 30 mm-lik “Mauser Mk 30-2” avtomatik topu və 2 ədəd 7,62 mm-lik MG-3 və ya MG-74 qoşalaşdırılmış pulemyotu daxildir.

AS21 “Redback” PDM Cənubi Koreya Ordusunda silahlanmada olan K21 PDM-in dərindən təkmilləşdirilmiş versiyasıdır. “Hanwha Defense Systems” şirkəti tərəfindən istehsal olunur. “Redback” PDM, gövdənin ön hissəsində mühərrik-transmissiya bölməsi və idarəetmə bölməsi, orta hissəsində döyüş bölməsi və arxa hissəsində desant bölməsi olan klassik tərtibata malikdir. Döyüş maşını 1000 at gücünə malik MT-881 dizel mühərriki və Х-1100-5В transmissiyası ilə təchiz edilib.

AS21 “Redback” döyüş maşını üç heyət üzvü (komandir, sürücü-mexanik, tuşlayıcı) də daxil olmaqla on bir nəfəri daşımaq imkanına malikdir. Desant üzvləri tam təchizatla otura bilir. K21 PDM ilə müqayisədə AS21 zireh və aktiv müdafiə sistemləri də daxil olmaqla təhlükəsizlik baxımından əhəmiyyətli dərəcədə təkmilləşdirilib. Yaradıcılar hələ silahlarla bağlı tam məlumat verməyiblər, halbuki K21 ştat olaraq 40 mm çaplı yüksək atəş tezliyinə malik avtomatik topla təchiz edilir. Baza variantında K21 PDM 26 ton ağırlığındadır və 12 nəfəri qəbul edə bilir.

Alüminium (Al-SiC kompozit materiall) zireh heyəti və desantı iri çaplı zirehdələn güllələrdən qoruyur. 1000 at gücündəki mühərrik 42 ton çəkiyə sahib PDM-ə saatda 70 km sürətlə hərəkət etməyə, yüngül lehimli zireh isə su maneələrindən üzüb keçməyə imkan verir. Şossedə yanacaq üzrə gediş ehtiyatı 500 km-dir.

PDM-də üç heyət (komandir, sürücü-mexanik, tuşlayıcl) üzvü və səkkiz nəfər desant yerləşə bilər. PDM Avstraliyanın “Electro Optic Systems” (EOS) şirkəti tərəfindən İsrailin “Elbit Systems” şirkəti ilə əməkdaşlıqda hazırlanmış yeni iki yerli T2000 qülləsi ilə təchiz edilib. Qüllə 25 – 50 mm çaplı müxtəlif toplar və 7,62 və ya 5,56 mm çaplı qoşalaşdırılmış pulemyotla təchiz oluna bilər. Silah kompleksinə çəkilə bilən TƏİR buraxma qurğusu (ABŞ-ın bir “Javelin” və ya İsrailin iki “Spike LR2” TƏİR buraxma qurğusu), həmçinin 30 mm-lik M230LF topuna qədər müxtəlif silahları yerləşdirə bilən EOS R400S Mk.2 HD uzaqdan idarə olunan silah modulu daxildir.

“Lynx”, ən son müdafiə və silah sistemlərinə malik yeni bir PDM-dir. “Lynx” PDM, maşının mühafizəsini (modul zireh, aktiv sistemlər) və situasiya məlumatlılığını artıran müasir texnologiyalardan istifadə etməklə hazırlanıb. Maşın yüksək yaşam qabiliyyətinə, hərəkətliliyə və atəş gücünə malikdir.

“Rheinmetall” konserni “Lynx” PDM-i ilk dəfə “Eurosatory 2016” Beynəlxalq sərgisində təqdim edib. Mülahizələrə görə, “Lynx”, “Rheinmetall” konserninin “Krauss-Maffei Wegmann” şirkəti ilə birlikdə Bundesver üçün hazırladığı “Puma” PDM-nin ixrac versiyasıdır.

İstehsalçı tərəfindən “Lynx” PDM iki əsas versiyada hazırlanıb: KF31 (Kettenfahrzeug 31) və KF41 (Kettenfahrzeug 41). Burada KF – Kettenfahrzeug – tırtıllı maşını, rəqəm boş maşının kütləsini tonla ifadə edir.

“Lynx” KF31 PDM-in uzunluğu 7,73 m, eni 3,6 m və hündürlüyü isə 3,3 m-dir. Döyüş maşınında üç heyət üzvü və altı nəfər desant yerləşdirə bilər. Ümumi döyüş kütləsi 38 tondur. 750 at gücündə “Liebherr” dizel mühərriki ilə təchiz edilib və şossedə maksimal hərəkət sürəti 65 km/saatdır. Şossedə yanacaq üzrə gediş ehtiyatı 500 km-dir.

“Lynx” KF41 modeli isə uzadılmış gövdəyə malikdir, üç nəfər heyət üzvünü və səkkiz nəfər desantı qəbul edə bilir. Ümumi döyüş kütləsi 45 tondur. Döyüş maşını 1156 at gücündə “Liebherr” dizel mühərriki ilə təchiz edilib və şossedə maksimal hərəkət sürəti 70 km/saat təşkil edir. Şossedə yanacaq üzrə gediş ehtiyatı 500 km-dir.

“Lynx” KF31 döyüş maşınında Allison X300 və KF41 döyüş maşınında “Renk” transmissiyası tətbiq edilib.

Hər iki maşının əsas silahlanmasına 35 mm-lik “Wotan 35” avtomatik topu, köməkçi silah olaraq isə 7,62 mm-lik qoşalaşdırılmış pulemyot daxildir. Zirehli texnikalarla mübarizə üçün döyüş maşınları İsrailin “Rafael” şirkətinin “Spike LR2” tank əleyhinə raket kompleksi ilə təchiz edilib.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS