Türkiyənin MMU döyüş təyyarəsinin adı bəlli olub

Türkiyənin MMU döyüş təyyarəsinin adı bəlli olub

Türkiyənin TUSAŞ şirkəti tərəfindən hazırlanan MMU (Milli Muharip Uçak) döyüş təyyarəsinin adı KAAN olacaq.

“Poliqon” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TUSAŞ şirkətinin müəssisəsində keçirilən “İstikbalin Yüzyılı Tanıtım Programı” tədbirindəki çıxışı zamanı açıqlayıb.

Çıxışında “Hürjet” haqqında da məlumat verən R.T.Ərdoğan bildirib ki, yaxın müddətdə “Hürjet” təlim təyyarəsi Türkiyə Hərbi Hava Qüvvələrinin aviasiya parkına daxil ediləcək: ““Hürjeti” “TCG Anadolu” gəmimizə də yerləşdirəcəyik. “Hürjet” öz silahlarımız və radarlarımızla təchiz olunaraq qismən F-16-larımızı da əvəz edə biləcək”.

Qeyd edək ki, cari ilin mart ayında anqardan çıxarılan və ötən ay taksi sınaqları baş tutan MMU döyüş təyyarəsi ilə bağlı işlərə 2016-cı ilin avqust ayından başlanılıb. 5-ci nəsil döyüş təyyarəsi olan MMU 2030-cu ildə mərhələli şəkildə Türkiyə Hərbi Hava Qüvvələrinin istismarından çıxarılacaq F-16 döyüş təyyarələrinin yerini alacaq.

Üstün döyüş qabiliyyətləri sayəsində MMU həm “hava-hava”, həm də “hava-yer” tipli tapşırıqları effektiv şəkildə yerinə yetirə biləcək. Döyüş təyyarəsi hədəfləri aşkarlaya bilməsi üçün ASELSAN şirkətinin AESA radarı ilə təchiz olunacaq.

MMU həmçinin, həmin hədəfləri məhv etməsi üçün “Roketsan” şirkəti və TÜBİTAK SAGE mərkəzi tərəfindən hazırlanan müxtəlif raket və bombalarla silahlandırılacaq.

MMU1

Poliqon.az

CATEGORIES
TAGS