ABŞ altıncı nəsil döyüş təyyarəsinin təqdimatını keçirib
ABŞ-ın Hərbi Hava Qüvvələri (HHQ) və “Northrop Grumman” şirkəti altıncı nəsil döyüş təyyarəsi olan B-21 “Raider” bombardımançısını təqdim edib.
“Poliqon” “Northrop Grumman”a istinadən xəbər verir ki, keçirilən təqdimat mərasimində çıxış edən şirkətin baş direktoru Kathy Warden B-21 “Raider” bombardıman təyyarəsinin gələcəkdə ABŞ HHQ-nin havadakı əsas gücünü təşkil edəcəyini vurğulayıb.
O bildirilib ki, nüvə başlıqlı raketləri də daşıya biləcək B-21 “Raider” bombardımançısı müxtəlif döyüş əməliyyatlarının yerinə yetirilməsi üçün nəzərdə tutulub. Altıncı nəsil döyüş təyyarəsi “stealth” (görünməzlik) xüsusiyyətinə, qabaqcıl sensorlara, müasir avionik və silah sistemlərinə malikdir.
Qeyd edək ki, döyüş təyyarəsi 2-ci Dünya Müharibəsi zamanı polkovnik-leytenant Ceyms Dulitlin rəhbərliyi ilə Yaponiyaya hücum edən “Doolittle Raids” ekipajının şərəfinə B-21 “Raider” olaraq adlandırılıb.