ABŞ-də yeni kiçik qanadlı raketin uğurlu sınaqları keçirilib
ABŞ-nin “Leidos Dynetics” şirkəti yeni kiçik qanadlı “Black Arrow” raketini elan edib və sınaqlarını uğurla həyata keçirib.
“Poliqon”un “Leidos Dynetics” şirkətinə istinadən verdiyi məlumata görə, sınaq zamanı nəqletmənin təhlükəsizliyi və raketin təyyarədəki buraxma konteynerindən buraxılması yoxlanılıb.
Sözügedən sınaqlar bu ilin payızına planlaşdırılan ABŞ Hərbi Hava Qüvvələri (HHQ) Xüsusi Əməliyyatlar Komandanlığının (XƏK) (U.S. Air Force Special Operations Command – AFSOC) təyyarəsində uçuş sınaqlarına hazırlıq məqsədilə aparılıb.
Raketin buraxma konteynerindən çıxması üzrə ilk sınaq 2023-cü ilin dekabrında AC-130J təyyarəsinin rampasından həyata keçirilib.
Yeni sınaq Dəniz Səthi Müharibə Mərkəzinin Döyüş İdarəetmə Sistemi (Naval Surface Warfare Center Battle Management System – NSWC BMS), uçuş əməliyyatları proqramı, naviqasiya xüsusiyyətləri və uçuş təhlükəsizliyi funksionallığı ilə inteqrasiyanı nümayiş etdirib.
“Leidos Dynetics” şirkəti kiçik qanadlı raketin yaradılması üzərində işlərə 2021-ci ildə başlayıb. 2022-ci ildə şirkət ilə ABŞ Xüsusi Əməliyyatlar Komandanlığı PEO-Fixed Wing və AFSOC arasında Kooperativ Tədqiqat və İnkişaf Sazişi (Cooperative Research and Development Agreement – CRADA) imzalanıb.
“Leidos Missile and Aviation Solutions” şirkətinin raket və aerokosmik həllər üzrə baş vitse-prezidenti Mark Miller “GBU-69 Kiçik Süzən Sursatının (Small Glide Munition – SGM) sürətli tətbiqi və DARPA X-61 Gremlins nümayişi ilə bağlı təcrübəmiz, çeviklik və innovasiyaya diqqətimizlə yanaşı, kiçik qanadlı raket proqramımızda mühüm mərhələlərə gətirib çıxarıb”, – deyərək bildirib.
Yeni qanadlı raket açıq arxitektura prinsipi əsasında qurulub və mənbəyindən asılı olmayaraq ən yaxşı alt sistemləri inteqrasiya etmək üçün nəzərdə tutulub. Məmulatın xüsusiyyətləri hələ açıqlanmayıb. Lakin kənardan baxdıqda, raket ultra ucuz qanadlı raket üçün müsabiqə çərçivəsində təqdim edilən təsvirə bənzəyir.
ABŞ-nin “Əlverişli qiymətə qanadlı raketlər layihəsi”
2024-cü ilin iyununda Pentaqon istehsalı asan olan qanadlı raketin yaradılması üçün müsabiqəyə start verib. Bu raketin qiyməti 150 min dolları keçməməlidir. Proqramda iştirak etmək üçün “Anduril Industries”, “Integrated Solutions for Systems”, “Leidos Dynetics” və “Zone 5 Technologies” olmaqla dörd şirkət seçilib. Bu satıcılar 100-dən çox kommersiya və ikili istifadə texnologiyası şirkətinə müraciət edən yüksək rəqabətli sahədən seçiliblər.
Əlavə ETV hökumət layihəsinin əməkdaşları və qiymətləndiriciləri siyahısıns Hərbi Hava Qüvvələri Tədqiqat Laboratoriyası (Air Force Research Laboratory – AFRL), Xüsusi Əməliyyatlar Komandanlığı (Special Operations Command – SOCOM), Dəniz Aviasiya Sistemləri Komandanlığı (Naval Air Systems Command – NAVAIR) və ABŞ Hind-Sakit Okean Komandanlığı (U.S. Indo-Pacific Command – USINDOPACOM) daxildir.
ABŞ HHQ-inin Silahlandırma İdarəsi (Air Force Armament Directorate – AFLCMC/EB) və Müdafiə İnnovasiyaları Bölməsi (Defence inovation Unit – DIU) birlikdə Müəssisə Test Vasitəsi (Enterprise Test Vehicle) proqramını işə salıblar ki, bu proqramın məqsədi mövcud kommersiya texnologiyaları əsasında istehsalı mümkün qədər sadə və ucuz olan qanadlı raket yaratmaq olacaq. Proqramın tələbləri elə qurulub ki, təcili ehtiyac yaranarsa, ABŞ kommersiya məqsədli qeyri-hərbi səviyyəli komponentlər əsasında raketləri sürətlə istehsal edə bilsin. Bu, gələcək logistikanı şaxələndirməli və təhlükəsizliyini təmin etməli, həmçinin istehsalın miqyasını sadələşdirməlidir.
Əhəd Vahidoğlu