ABŞ zenit idarə olunan RAM Block 2/2A raketinin partiyasını sifariş edib
ABŞ özü və xarici tərəfdaşları üçün zenit idarə olunan RAM Block 2/2A raketinin partiyasını sifariş edib.
Bu barədə “Poliqon” ABŞ Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.
Sifariş əsasında yerli “Raytheon Missile and Defense” şirkəti ABŞ Hərbi Dəniz Qüvvələrinə (HDQ) zenit idarə olunan RAM Block 2/2A raketlərinin partiyasını tədarük edəcək.
Məlumatda o da bildirilib ki, raketləri həmçinin ABŞ-ın tərəfdaşları olan Misir, Yaponiya, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyə də alacaq.
“Rolling Airframe Missile” (RAM) HDQ tərəfindən istifadə edilən infraqırmızı özütuşlama başlıqlı kiçik yüngül “yer-hava” sinif zenit idarə olunan raketdir. Block 2 – manevr edə bilən gəmi əleyhinə raketlərlə daha effektiv mübarizə aparmaq üçün təyin edilmiş raketin təkmilləşdirilmiş versiyasıdır.
“Raytheon Missile and Defense” şirkəti ABŞ HDQ komandanlığı ilə RAM Block.2/2A zenit idarə olunan raketlərin tədarükü barədə sabit dəyəri 102,19 milyon ABŞ dolları olan müqavilə imzalayıb. Bundan başqa, layihə ehtiyat hissələrinin tədarükü və təkrar şəhadətlənməni nəzərdə tutur. Müqavilə ABŞ HDQ-nin 2022-ci il büdcəsindən, həmçinin Xarici Hərbi Satış (Foreign Military Sales – FMS) proqramı hesabına maliyyələşdiriləcək.
Müqavilə ABŞ HDQ (75%), Misir HDQ (17%), Yaponiya HDQ (4%), Birləşmiş Ərəb Əmirlikləri HDQ (3%) və Türkiyə HDQ üçün (1%) nisbətində raketlərin təminatını nəzərdə tutur.
Mətbuat xidmətinin məlumatında bildirilib ki, işlər Tucsonda (Arizona; 48%), Ottobrunnda (Almaniya; 33%), Kayzerdə (Qərbi Virciniya; 8%), Glenrotesdə (Şotlandiya; 3%), Midlandda (Kanada; 1%) və 1 %-dən az olmaqla bir neçə digər istehsal sahəsində həyata keçiriləcək. Müqavilənin 2025-ci ilin mart ayına qədər tamamlanacağı planlaşdırılıb.
Satınalma üçün ayrılan maliyyə vəsaiti ABŞ HDQ – 75,47 milyon ABŞ dolları (75%), Misir – 17,2 milyon ABŞ dolları (17%), Yaponiya – 4,87 milyon ABŞ dolları (4%), BƏƏ – 3,11 milyon ABŞ dolları (3%) və Türkiyə – 0,46 milyon ABŞ dolları (1%) şəklində bölüşdürüləcək.
Əhəd Əzizov