“Akıncı” PUA-nı idarə edəcək üç qardaş ölkənin operatorları təlimlərini bitirib

“Akıncı” PUA-nı idarə edəcək üç qardaş ölkənin operatorları təlimlərini bitirib

Türkiyənin “Baykar Makine” şirkətinin keçirdiyi “Akıncı” pilotsuz uçuş aparatının (PUA) idarəetmə təlimini tamamlayan türkiyəli, azərbaycanlı və pakistanlı kursantlar məzun olub.

“Baykar Makine” şirkətindən “Poliqon”a verilən məlumata görə, bununla bağlı Türkiyənin Təkirdağ şəhərinin Çorlu bölgəsində yerləşən “Akıncı Təlim Uçuş Mərkəzi”ndə buraxılış mərasimi keçirilib.

Buraxılış mərasimində “Baykar Makine” şirkətinin İdarə Heyətinin sədri və Texnologiya rəhbəri Səlcuq Bayraqdar, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində Silahlı Qüvvələrin hərbi attaşesi polkovnik Müşfiq Məmmədov, Hərbi Attaşelik Aparatının əməkdaşları və başqaları iştirak edib.

Bildirilib ki, 6-cı təlim dövrü çərçivəsində kursu hər üç ölkədən müxtəlif vəzifələrdə çalışacaq ümumilikdə 110 kursant başa vurub.

Azərbaycanın Tükiyədəki səfiri Rəşad Məmmədov kursu birinciliklə bitirən azərbaycanlı operatorlara diplom və hədiyələrini verib.

Təxminən 20 ilə yaxındır ki, PUA sektorunda fəaliyyət göstərən “Baykar Makine” şirkəti bugünə qədər ümumi gəlirinin 75 faizini ixracatdan qazanıb. Türkiyə İxracatçılar Məclisi tərəfindən 2021-ci ildə müdafiə və aviasiya sektorunda ixracat lideri olaraq qeydə alınan şirkət 2022-ci ildə gəlirinin 98 faizini xarici satışlardan əldə edib.

Hazırda Türkiyənin Təhlükəsizlik Qüvvələri tərəfindən aktiv formada istifadə edilən “Akıncı” PUA-nın xaricə ixrac olunması üçün dörd ölkə ilə müqavilə imzalanıb. Bundan başqa şirkət və PUA ilə maraqlanan digər dövlətlər arasında da danışıqlar gedir.

“Akıncı” PUA Türkiyənin müdafiə sənayesi tərəfindən yerli olaraq istehsal olunan istənilən sursatdan istifadə etmək bacarığına sahibdir. Həmçinin şirkət PUA-ya başqa sursatların da inteqrasiya oluna bilməsi üçün fəaliyyətlərini davam etdirir.

Poliqon.az

CATEGORIES
TAGS