Almaniya Avstraliyaya “Boxer Block 2” ZTR sifariş edir
Almaniya “Rheinmetall” şirkətinin Avstraliya filialına 30 mm-lik toplu “Boxer” ağır dəstək maşınları sifariş edib.
“Poliqon” “Rheinmetall”a istinadən xəbər verir ki, ümumilikdə Almaniya sözügedən şirkətin Avstraliya filialından 123 ədəd ağır dəstək maşını sifariş etməyi planlaşdırır.
Yeni maşınlar piyadaları dəstəkləmək üçün yüngül bölmələrdə istifadə olunan “Wiesel” zirehli nəqliyyat vasitəsini əvəz etmək üçün nəzərdə tutulub.
İmzalanmış müqavilənin ümumi dəyəri 2,7 milyard avro təşkil edir ki, bu da zirehli texnikanın, ehtiyat hissələrinin və müvafiq material dəstək paketinin alınmasına ayrılacaq. Müqavilə şərtlərinə əsasən ilk ağır dəstək maşınlarının çatdırılmasına 2025-ci ildə başlanacaq.
“Schwerer Waffentraeger Infanterie” maşınları “Boxer” zirehli transportyorunun (ZTR) bazasında hazırlanıb və 30 mm-lik MK30-2 toplu “Lance 2.0” döyüş modulu və iki “Spike LR” raketi üçün buraxma qurğusu ilə təchiz edilib.
İstehsal “Rheinmetall” şirkətinin Avstraliyanın Cənub-Şərqi Kvinslend bölgəsindəki Redbank şəhərində yerləşən Military Vehicle Centre of Excellence (MILVEHCOE) müəssisəsində həyata keçiriləcək.
Bu müəssisə Avstraliya ordusu üçün “LAND 400 Phase 2 Mounted Combat Reconnaissance Capability” layihəsi çərçivəsində “Boxer Combat Reconnaissance Vehicle” (Boxer CRV) variantında zirehli kəşfiyyat maşınları da istehsal edir.
Xatırladaq ki, Avstraliya ordusunun 2/14-cü yüngül süvari alayının hərbçiləri “Boxer Block 2” ZTR-nin yeni variantının hazırlanmasında iştirak ediblər. Onlar “Rheinmetall” şirkətinin Unterlussdakı istehsalat müəssisələrinə baş çəkib, burada yeni inkişaflarla tanış olub, həmçinin ZTR-nin yeni “Boxer Block 2” variantı ilə bağlı məsləhətlər veriblər. Bundan başqa, onlar zirehli kəşfiyyat maşınının yeni versiyasında quraşdırılacaq yeni “Lance 2.0” döyüş modulunun sınaqlarında da iştirak ediblər.
Ümumilikdə, “Boxer” 8×8 təkər formullu çoxməqsədli ZTR-dir. Maşın Almaniya-Niderland birgə layihəsidir. ZTR avtomatik silahlar və ya tank əleyhinə raketlər də daxil olmaqla müxtəlif silahları daşımağa imkan verən modul quruluşa malikdir. Bundan başqa, “Boxer” ZTR bazasında səyyar komanda məntəqələri, zirehli tibbi maşınlar, kəşfiyyat maşınları və s. istehsal edilir.
Əhəd Vahidoğlu