Almaniya “Eurofighter Typhoon” döyüş təyyarələrinin Türkiyəyə satışına icazə verib
Almaniya 40 ədəd “Eurofighter Typhoon” döyüş təyyarəsinin Türkiyəyə satışına icazə verib.
“Poliqon” xəbər verir ki, bunu TV100 televiziya kanalına müsahibəsində Türkiyənin milli müdafiə naziri Yaşar Güler deyib.
Y.Güler əvvəlcə ABŞ-dan yeni F-16 “Viper” döyüş təyyarələrinin alınması ilə bağlı danışıb. O, ABŞ-dan 40 ədəd F-16 “Viper” almaq istədiklərini və bunun üçün lazımi müqavilələrin imzalandığını bildirib.
Nazir daha sonra qeyd edib ki, Türkiyə əlavə olaraq 40 ədəd “Eurofighter Typhoon” döyüş təyyarəsi də alacaq: “Almaniya çox uzun müddətdir ki, “Eurofighter”i satmamaq üçün müqavimət göstərir. Amma sonda NATO-dakı dostlarımızın – İngiltərə, İtaliya və İspaniyanın müsbət töhfələri ilə Almaniya da müsbət cavab verdi”.
Xatırladaq ki, Türkiyə və Səudiyyə Ərəbistanı uzun müddətdir Böyük Britaniya, İtaliya, İspaniya və Almaniyanın birgə istehsalı olan “Eurofighter Typhoon” qırıcıları ilə maraqlanır. Böyük Britaniya, İtaliya və İspaniya bu qırıcıların sözügedən hər iki ölkəyə satışına icasə verəsə də, Almaniya buna qarşı idi və satışa icazə vermirdi. Bununla bağlı digər istehsalçı ölkələr Almaniya ilə xeyli müddət danışıqlar aparmış və sözügedən satışlara icazə verməyəcəyi halda “Eurofighter Typhoon” layihəsindən kənarlaşdırılacağını bildirmişdi.
Nəticədə cari ilin yanvar ayında Almaniyanın xarici işlər naziri Annalena Berbok ölkəsinin 48 ədəd “Eurofighter Typhoon” döyüş təyyarəsinin Səudiyyə Ərəbistanına satışına icazə verdiyi açıqlamışdı.
Həmin vaxt bildirmişdik ki, Böyük Britaniya, İtaliya və İspaniyanın təzyiqləri qarşısında qalan Almaniya, Səudiyyə Ərəbistanından sonra Türkiyəyə də “Eurofighter Typhoon” satışına icazə verməyə məcbur olacaq.