Almaniyanın Ukraynaya silah və texnika tədarükü davam edir

Almaniyanın Ukraynaya silah və texnika tədarükü davam edir

Almaniya hərbi yardım çərçivəsində Ukraynaya “Marder” piyadanın döyüş maşınları (PDM) tədarük edəcək.

“Poliqon”nun məlumatına görə, Almaniyanın “Rheinmetall” konserni tərəfindən Ukraynaya tədarük ediləcək 30 ədəd “Marder” PDM-in modernizasiyası başlanıb.

“Rheinmetall” nümayəndəsinin sözlərinə görə, ümumilikdə müəssisə tərəfindən 100 ədəd PDM-in modernləşdirilməsi planlaşdırılıb.

Qeyd edək ki, bir neçə ay bundan əvvəl Ukraynanın müdafiə naziri Oleksiy Reznikov Almaniyaya məktub ünvanlayaraq Ukrayna 100 ədəd “Marder” piyadanın döyüş maşınının (PDM) verilməsini xahiş etsə də, Almaniya “Marder” PDM-ləri Ukraynaya verməkdən imtina etmişdi.

Müdafiə Nazirliyi imtinasını onunla izah edib ki, “bizim özümüzə məxsus bütün “Marder” PDM-ləri NATO öhdəlikləri ilə bağlıdır, ona görə də qərar həm də Alyans çərçivəsində qəbul edilməlidir”. “Marder” PDM-lərin əvəzində Almaniya Müdafiə Nazirliyi keçmiş ADR-in hazırda Çexiyada olan ehtiyatlarından Ukraynaya PDM tədarükünə razılıq vermişdi.

Ehtimal olunur ki, hazırda modernizasiya edilən “Marder” PDM-lər üçüncü ölkələrə veriləcək və həmin ölkələr bunun müqabilində Ukraynaya öz texnikalarını çatdıracaqlar.

Qeyd edək ki, Almaniya Rusiya-Ukrayna müharibəsinin ilk vaxtlarında ehtiyatlı mövqe sərgiləsə də, daha sonra Berlin Ukraynaya hərbi yardımları artırıb.

Ümumiyyətlə, Ukrayna müharibəsindən sonra Almaniya hökuməti hərbi xərclərini artırmağa, hətta bəzi məlumatlara görə 100 milyard avroluq xüsusi hərbi büdcə ayırmağa qərar verib.

Ümumilikdə Ukrayna hökumət dairələrinin məlumatına görə, Almaniyadan Ukrayna Silahlı Qüvvələrinə hərbi yardım proqramı çərçivəsində 5 min ədəd dəbilqə, müxtəlif silah və sursatlar, o cümlədən 2500 ədəd zenit raketi, 1000 ədəd tank əleyhinə idarəolunan raket, 900 ədəd tank əleyhinə reaktiv qumbaraatan və onların 3000 ədəd atəş yığımı, 100 ədəd MG3 pulemyotu və bunlar üçün 8 milyon patron, 15 ədəd tank əleyhinə kompleks və onlar üçün 50 ədəd raket gəlib. Həmçinin 100 min dəst əl qumbarası, 2000 dəst mina, 5300 ədədə yaxın partlayıcı atım və avtomatlardan tutmuş ağır pulemyotlara qədər əl atıcı silahı üçün müxtəlif çaplı 16 milyon ədəd patron tədarük olunub.

Habelə, Almaniya Ukraynaya 500 ədəd aşağı hündürlükdə uçan hava hədəflərinin məhv edilməsi üçün nəzərdə tutulan “Stinger” daşınan zenit-raket kompleksi, 1500 ədəd “Strela” zenit-raket kompleksi (Almaniya hökuməti 2700 ədəd “Strela” ZRK tədarükü barədə qərar qəbul edib), 50 ədəd 3 km-ə qədər yüksəklikdəki hava hədəflərini məhv etmək qabiliyyətinə malik “Gepard” zenit-top kompleksi, 25 milyon dollar dəyərində 2650 ədəd qısaməsafəli döyüşlərdə tank əleyhinə istifadə oluna bilən “Matador” qumbaraatanları, o cümlədən 350 min qida paketi, 50 tibbi nəqliyyat vasitəsi və tibbi ləvazimatı göndərib. Bundan başqa, Almaniya hökuməti Ukraynaya 7 ədəd “Panzerhaubitzen 2000” (PzH-2000) özüyeriyən artilleriya qurğusu (ÖAQ) tədarük etməyi planlaşdırıb.

Bundan başqa, Ukrayna Almaniyanın “Diehl Defence” şirkəti ilə IRIS-T SL ZRK-nin alınması barədə müqavilə imzalayıb. Ukraynanın Almaniyadakı səfiri Andrey Melnik sövdələşmənin dəyərinin 178 milyon avro təşkil edəcəyini və alış üçün maliyyə vəsaitininin Almaniya hökuməti tərəfindən ayrılacağını bildirib.

Poliqon.az

CATEGORIES
TAGS