Amerika ordusu robot-qatırlarla silahlanacaq

“General Dynamics Land Systems” şirkəti “MUTT” (Military Utility Tactical Truck) maşınlarının sınaq prototiplərinin tədarükünü tamamlayıb.
“Poliqon” “Janes” nəşrinə istinadən xəbər verir ki, bu barədə “General Dynamics Land Systems” şirkəti məlumat yayıb.
Bu ay ABŞ Ordusu sonuncu “MUTT” robotlaşdırılmış yüksəkkeçidlikli maşınlarını son sınaqlar üçün alacaq. Sınaqların nəticələri uğurlu olarsa, nəqliyyat vasitələrinin kiçik seriyalı yığılmasına yayda başlanılacaq və ilk ordu bölməsi SMET (Squad Multipurpose Equipment Transport) proqramı çərçivəsində ilin sonuna qədər tam təchiz ediləcəkdir.
ABŞ Ordusu uzun müddətdir ki, piyada birliklərini “mexanikləşdirilmiş daşıyıcılarla” təchiz etmək üçün müxtəlif variantları nəzərdən keçirirdi. 2017-ci ildə Müdafiə Nazirliyi (Pentaqon) son tələbləri razılaşdırmış və SMET proqramı çərçivəsində bir tender elan etmişdir. Dörd namizəddən “General Dynamics Land Systems” şirkətimdən səkkiz təkərli robotlaşdırılmış yüksək keçidlikli “MUTT” maşını qalib gəlmişdir.
162.4 milyon ABŞ dolları məbləğindəki müqaviləyə əsasən “General Dynamics” ABŞ Ordusunu 624 ədəd “MUTT” vasitəsilə təmin edəcək. Bu məbləğə proqram təminatının hazırlanması, texniki dəstək və təlim daxildir. Hesablamalara əsasən, Pentaqon ordunun 5700 ədəd robot-qatıra ehtiyacı olduğunu bildirir.
“MUTT”un texniki xassələri hələ açıqlanmayıb, lakin SMET proqramının tələbləri məlumdur. Maşın bir neçə modifikasiyada, o cümlədən 4×4, 6×6 və 8×8 təkər formullu, həmçinin tırtıllı ola bilir. ABŞ hərbiçiləri hələlik 8×8 təkər formullu variantı seçmişlər. Uzunluğu 2,74 metr və eni 1,5 metrdir. Konkret olaraq, robot 453 kq faydalı yük daşımalı və üç sutka ərzində 100 km yol qət etməlidir. Bundan başqa, bu nəqliyyat vasitələri əsgərləri elektrik enerjisi ilə təmin etməlidir (hərəkətdə ən azı 1 kV/saat, dayananda isə ən azı 3 kV/saat).
“MUTT” ağır əsgəri təchizatı nəql etməklə yanaşı, tank əleyhinə raketlər də daxil olmaqla döyüş sursatı da çatdıra bilir.
Maşının digər funksiyaları arasında yaralı əsgərlərin təxliyyə edilməsi, yüksək texnoloji sensorlardan istifadə edərək müşahidə və kəşfiyyat aparılmasıdır. Həm də hücum əməliyyatında zərbə variantında tətbiq etmək üçün pulemyotlar, tank əleyhinə raketlər və ya qumbaraatanlarla silahlandırıla bilir.
“MUTT” avtomatik olaraq aparıcını təqib etməli və ya uzaqdan idarə olunmalıdır. Əsas versiyada, malların daşınması üçün bir platforma olacaq, eyni zamanda xüsusi modifikasiyaların inkişafı və avtonom hərəkət imkanlarını genişləndirmək planlaşdırılır.
Əhəd Əzizov





