“Anka” PUA-ya “Quzğun” sursatı inteqrasiya ediləcək
Türkiyənin TUSAŞ şirkətinin istehsalı olan “Anka” pilotsuz uçuş aparatına (PUA) bu ay ərzində daha bir yeni sursat inteqrasiya ediləcək.
“Poliqon” xəbər verir ki, bu barədə TUSAŞ-ın PUA sistemləri bölməsinin baş direktorunun müavini Ömər Yıldız “Efes-2022” çoxmillətli təlimi zamanı bildirib.
Ö.Yıldız “Anka” PUA-nın bu günə qədər “Roketsan” istehsalı MAM-L və MAM-C mini ağıllı sursatlar ilə xidmət göstərdiyini deyib. Onun sözlərinə görə, “Anka” PUA-ya inteqrasiya olunacaq yeni sursat digərlərindən daha ağırdır.
“TÜBİTAK SAGE” tərəfindən hazırlanan “Quzğun” adlı yeni sursatın çəkisi təxminən 100 kiloqramdır. “Quzğun” 60 kiloqram ağırlığında döyüş başlığı daşıya bilir. Qatı yanacaqla işləyən mühərrik ilə təchiz edilib. Sursat reaktiv mühərrik ilə daha uzun məsafələri qət edə biləcək. Bu ay ərzində “Quzğun” sursatın “Anka” PUA-ya inteqrasiyası tamamlanacaq.
“Efes-2022”də “Anka” PUA-nı hədəf dronları ilə birlikdə sərgilədiklərini qeyd edən Ö.Yıldız, “Şimşək” dronun imkanlarının genişləndirilməsindən də danışıb.
Onun sözlərinə görə, MAM-L sursatında istifadə edilən döyüş başlığının “Şimşək”ə inteqrasiya edilməsi ilə bu donun yaxın gələcəkdə kamikadze kimi də xidmət göstərəcəyi planlaşdırılıb.
TUSAŞ şirkəti “Efes-2022” çoxmillətli təlimi çərçivəsində ilk dəfə üzərində çalışdığı səsdən sürətli PUA-sını da nümayiş etdirib.