Azərbaycan ilə İsrail arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycan ilə İsrail arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub

İyulun 13-də Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkədə rəsmi səfərdə olan İsrailin müdafiə naziri Yoav Qallantın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, əvvəlcə İsrailin nümayəndə heyəti Şəhidlər xiyabanına gələrək ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının, həmçinin Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun məzarlarını ziyarət edib və üzərinə gül dəstələri düzüblər. “Əbədi məşəl” abidəsi önünə əklil qoyulub.

Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi keçirilib. İsrailin müdafiə naziri fəxri qarovul dəstəsinin önündən keçib, hərbi orkestrin müşayiəti ilə hər iki ölkənin dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.

General-polkovnik Z.Həsənov hər iki ölkə arasında tərəfdaşlığın yüksək səviyyədə olmasının təkcə Azərbaycan və İsrailin inkişafında deyil, habelə bütün regionda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığını qeyd edib.

İsrailin müdafiə naziri kimi Azərbaycana ilk səfərini edən Y.Qallant Azərbaycan-İsrail əlaqələrinin dostluq və qarşılıqlı etimada əsaslandığını vurğulayıb, hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından bu cür görüşlərin və qarşılıqlı səfərlərin zəruriliyini qeyd edib.

Strateji münasibətlərin daha da möhkəmləndirilməsi və təhlükəsizlik üzrə əlaqələrin genişləndirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.

Görüşdə Azərbaycan ilə İsrail arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

Poliqon.az

CATEGORIES
TAGS