Azərbaycan-Qazaxıstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub
Azərbaycan müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstana səfər edib.
Müdafiə Nazirliyindən “Poliqon”a verilən məlumata görə, səfər çərçivəsində Baş direktor Qazaxıstanın müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov ilə görüşüb.
Tərəflər ölkələrimiz arasında hərbi əməkdaşlığın qədim tarixi köklərə əsaslanan dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu xüsusi qeyd edib.
Görüşdə Azərbaycan və Qazaxıstan arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, regional təhlükəsizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.
Daha sonra Qazaxıstan müdafiə nazirinin müavini general-mayor Şayx-Xasan Jazıkbayev ilə görüş keçirilib.
Hər iki tərəf bu cür görüşlərin hərbi əməkdaşlığın genişləndirilməsi baxımından zəruriliyini vurğulayıb, keçirilən birgə təlimlərin hərbi qulluqçularımızın peşəkarlığının artırılmasına və ordularımızın daha da güclənməsinə müsbət təsir etdiyini bildirib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı müzakirələr aparılıb.