Azərbaycan və Serbiyanın müdafiə nazirləri arasında görüş keçirilib – VİDEO

Azərbaycan və Serbiyanın müdafiə nazirləri arasında görüş keçirilib – VİDEO

İyunun 14-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Serbiyanın müdafiə naziri Bratislav Qaşiçin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.

Bu barədə “Poliqon”a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Müdafiə Nazirliyində rəsmi qarşılanma mərasimi təşkil edilib. Hər iki ölkənin müdafiə nazirləri fəxri qarovul dəstəsinin önündən keçib. Azərbaycan və Serbiya respublikalarının Dövlət himnləri səsləndirilib. B.Qaşiç protokola uyğun olaraq “Şərəf kitabı”nı imzalayıb.

Azərbaycan ilə Serbiya arasında strateji tərəfdaşlıq zəminində qurulan əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edən general-polkovnik Z.Həsənov birgə hərbi əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Daha sonra müdafiə naziri regiondakı vəziyyətə toxunaraq qeyd edib ki, Vətən müharibəsi və antiterror əməliyyatından sonra Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan ərazisindən tamamilə çıxarılıb.

General-polkovnik Z.Həsənov cənab B.Qaşiçi 2024-cü ilin sentyabr ayında Bakıda keçiriləcək “ADEX” 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinə dəvət edib.

Serbiyanın müdafiə naziri Vətən müharibəsində əldə edilmiş Qələbə münasibətilə azərbaycanlı həmkarını təbrik edib. Azərbaycan ilə Serbiya arasında bütün sahələrdə əməkdaşlığa hazır olduqlarını xüsusi vurğulayıb.

Görüşdə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, regional təhlükəsizlik, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.

CATEGORIES
TAGS