Azərbaycanda Kosmik Aparatların İnkişafı Mərkəzinin tikintisinə başlanılacaq

Azərbaycanda Kosmik Aparatların İnkişafı Mərkəzinin tikintisinə başlanılacaq

Yaxın aylarda Azərbaycanda Kosmik Aparatların İnkişafı Mərkəzinin tikintisinə başlanılacaq.

“Poliqon” xəbər verir ki, bunu “Azərkosmos”un İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Dunay Bədirxanov “Kosmosdan gələn imkanlar: Kosmik müşahidəmizin sosial-iqtisadi inkişafa töhfəsinin 10 ili” adlı tədbirdəki çıxışında söyləyib.

Onun bildirdiyinə görə, Azərbaycan yaxın gələcəkdə peyklərin istehsalını həyata keçirməyi planlaşdırır: “Artıq bu istiqamətdə ilk addımlar atılıb. Tədqiqat və inkişaf komandamız son bir il yarım ərzində İsraildə “Azersky-2” layihəsi çərçivəsində peyk istehsalı üzrə intensiv təlimlər keçib. Peyk istehsalı zavodu və işçi heyəti üçün nəzərdə tutulan Kosmik Aparatların İnkişafı Mərkəzinin dizayn və layihələndirmə mərhələsi tamamlanıb. Mərkəzin tikiləcəyi yer artıq müəyyənləşdirilib və yaxın aylarda tikintiyə başlanılacaq. Yeni peykimizin daşıyıcı raketi kimi “SpaceX” şirkətini seçmişik”.

D.Bədirxanov qeyd edib ki, “Azərkosmos” tarixində ilk dəfə törəmə müəssisə – “Spacecraft Development and Production” MMC yaradılıb və yeni müəssisə kosmik aparatların istehsalı ilə bağlı layihələrin daha səmərəli şəkildə həyata keçirilməsinə dəstək göstərəcək.

CATEGORIES