“BAE Systems” ABŞ Ordusunun zirehli texnikalarına texniki xidmət göstərəcək
Böyük Britaniyanın “BAE Systems” şirkəti ABŞ Ordusunun silahlanmasındakı zirehli texnikalara texniki xidmət və logistika dəstəyi göstərəcək.
“Poliqon” “BAE Systems” şirkətinə istinadən xəbər verir ki, bununla bağlı şirkət ilə Pentaqon arasında ümumi dəyərəi 383 milyon ABŞ dolları olan müqavilə imzalanıb.
Müqaviləyə əsasən şirkət beş il müddətində ABŞ Ordusunun inventarında yer alan “Bradley” piyada döyüş maşınları (PDM) ilə M993 yaylım atəşli reaktiv sistemin (YARS) daşıyıcı nəqliyyat vasitələri üçün texniki xidmət və logistika dəstəyi verəcək. Bu da texnikaların saz və istənilən zaman əməliyyata hazır olmalarını təmin edəcək.
Qeyd edək ki, texniki dəstək “Bradley” PDM-lərinin M2 və M7 variantlarına aiddir.
M2 “Bradley” piyadanın döyüş maşını 1970-ci illərdə “United Defense” şirkəti tərəfindən hazırlanmış amfibiya döyüş maşınıdır. PDM-in heyəti üç nəfərdən ibarətdir, maşın desant bölməsində altı nəfərə qədər piyadanı daşıya bilir. Döyüş vəziyyətində kütləsi 21,3 ton, uzunluğu 6,45 metr, eni 3,2 metr və hündürlüyü 2,9 metrdir. PDM 1 ədəd 25 mm-lik M242 “Bushmaster” avtomatik topu, 1 ədəd 7,62 mm-lik M240C pulemyotu və 2 ədəd BGM-71 ТOW tank əleyhinə idarə olunan raket kompleksi ilə silahlandırılıb.
Xatırladaq ki, “Bradley” piyada döyüş maşınları amerikalılar tərəfindən hər iki İraq müharibəsində fəal şəkildə istifadə edilib. O da məlumdur ki, İraqda 2003-2011-ci illərdə davam edən müharibə zamanı “Bradley” döyüş maşınları “Abrams” tanklarından daha çox zirehli texnikanı məhv edib. ABŞ Ordusundan başqa, “Bradley” PDM-lər Səudiyyə Ərəbistanında, Yunanıstanda və Livanda silahlanmadadır.