Xəbərlər

Belarusda təkmilləşdirilmiş “Uraqan-M” YARS sınaqdan keçirilib

Belarus Respublikasında təkmilləşdirilmiş “Uraqan-M” yaylım atəşli reaktiv sistemin (YARS) döyüş maşınının prototipinin dövlət sınaqlarını keçirlib.

Bu barədə “Poliqon” Belarus Dövlət Hərbi-Sənaye Komitəsinin mətbuat xidmətinə istinadən məlumat verib.

Məlumatda bildirilib ki, sınaqlar ölkənin Müdafiə Nazirliyinin maraqlarında “Uraqan” YARS təkmilləşdirilməsi üzrə sınaq-konstruktor işləri çərçivəsində yerinə yetirilib.

Belarus Silahlı Qüvvələrinin “Osipoviçski” poliqonunda 9P140MB döyüş maşınının prototipinin dövlət sınaqlarının mərhələlərindən biri uğurla başa çatıb.

Məmulat yaylım atəşi zamanı sabitlik və istiqamətləndiricilər paketinin maksimal dönmə bucağında bütün konstruksiyalarının möhkəmliyini nümayiş etdirib. Döyüş maşınının qaz şırnağından müdafiə olunması təmin olunub.

Məmulatın təkmilləşdirilməsi Belarus istehsalı olan müasir avadanlıqlardan, o cümlədən şassidən, UQD rabitə vasitələrindən, naviqasiya və tuşlama prosesinin avtomatlaşdırılması vasitələrindən maksimal istifadə edilməklə həyata keçirilmiş və döyüş istifadəsinin avtomatlaşdırılması baxımından daha da təkmilləşdirilməsi imkanı təmin olunmuşdur.

Qeyd edək ki, 2021-ci ilin iyulunda başa çatdırılmış ilkin sınaqların nəticələrinə əsasən məmulatın prototipi müəssisələrin birində tamamlanaraq dövlət sınaqlarına təqdim edilib.

Növbəti sınaqlarda döyüş maşınının istiqamətləndiricilər paketini kabinənin üstündən minimum icazə verilən qalxma bucağına qaldırararaq poliqon şəraitində ilk dəfə reaktiv mərmilərlə atəş aparılması planlaşdırılır.

Xatırladaq ki, Belarusda müxtəlif reaktiv buraxma qurğuları təqdim olunub. Belə ki, indiyədək 122 mm çaplı “Şkval” YARS və BM-21B “BelQrad-2” (həmçinin bax) döyüş maşını nümayiş etdirilib. Bu yaxınlarda aviasiya raketləri üçün “Fleyta” YARS-ın (həmçinin bax) ilk sınaqlarını keçirilib.

Əhəd Əzizov 

Poliqon.az

Back to top button