BMC-nin mina və ƏPQ aşkarlama maşını orduya verilib – FOTOLAR
BMC şirkəti tərəfindən istehsal edilən METİ adlı mina və əldəqayırma partlayıcı qurğuları (ƏPQ) aşkarlama maşını Türkiyə Silahlı Qüvvələrinə təhvil verilib.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir özünün rəsmi media hesabında bildirib.
9 heyəti daşımaq qabiliyyəti olan METİ maşını yüksək ballistik mühafizəyə və mina partlayışından qorumaya malikdir.
METİ-nin qarışdırma-korlama sistemi, yanğınsöndürmə sistemi və stabilizasiya üçün hidravlik ayaqlarla təchiz edilib. Avtomobilin üzərindəki çoxməqsədli robot qolu avtomobilin içərisindən və ya avtomobilin kənarından uzaqdan idarəetmə sistemi ilə idarə oluna bilər.
Habelə çətin ərazi şərtlərində, çoxməqsədli robot qolu ilə ona quraşdırılan kamerayla yaxından müşahidə aparmaq, təhlükəli əşiyaları tutmaq və çəkmək mümkündür. Bundan əlavə, çox məqsədli robot qolu detektorla partlayıcı vasitənin aşkarlanması, dırmıqla torpağın yumşaldılması, çalovla daşınması, kəsici ilə kabelin kəsilməsi kimi funksiyalar yerinə yetirilə bilər.