Braziliyada “Gripen E” döyüş təyyarəsinin istehsalı başlayır

Braziliyada “Gripen E” döyüş təyyarəsinin istehsalı başlayır

Braziliyanın Gaviao Peixoto şəhərindəki “Embraer” şirkətinə məxsus müəssisədə “Gripen E” döyüş təyyarəsinin istehsal xətti açılıb.

“Poliqon” xəbər verir ki, bu barədə İsveçin “Saab” şirkəti məlumat yayıb.

Məlumatda istehsal xəttinin açılışı münasibəti ilə keçirilən mərasimdə Braziliyanın Prezidenti Luiz İnasio Lula da Silvanın, müdafiə naziri Jose Mucio Monteiro Filhonun, Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı Marselo Kanitz Damascenonun, eləcə də “Saab” və “Embraer” nümayəndələrinin iştirak etdiyi bildirilib.

Qeyd edək ki, İsveçdən kənarda fəaliyyət göstərəcək yeganə “Gripen E” istehsal xəttində Braziliya HHQ-nin “Saab”dan sifariş etdiyi 36 ədəd döyüş təyyarəsindən 15 ədədinin istehsalı həyata keçiriləcək və onların təhvil verilməsinə 2025-ci ildən etibarən başlanacaq.

Həmçinin, müəssisədə gələcəkdə region üzrə veriləcək “Gripen” sifarişləri də yerinə yetiriləcək.

Xatırladaq ki, “Saab” şirkəti Braziliya HHQ ilə 36 ədəd “Gripen” döyüş təyyarəsinin (28 ədəd “Gripen E” (tək oturacaqlı) və 8 ədəd “Gripen F” (tandem oturacaqlı)) alqı-satqısına dair müqaviləni 2014-cü ildə imzalayıb. Bu razılaşmanın əldə olunmasından sonra “Saab” Braziliyada “Gripen”lərin birgə istehsalı üçün yerli şirkətlərlə əməkdaşlıq imkanlarını dəyərləndirib və bu sahədə tərəfdaş kimi “Embraer”i seçib.

Cari ilin aprel ayında “Saab”, “Embraer” ilə aviasiya sahəsində birgə əməkdaşlığın göstərilməsinə dair anlaşma memorandumuna imza atıb. Bu memorandumda şirkətlərin “Jas 39 Gripen” qırıcısının təkmilləşdirilməsi, ona yeni imkanların qazandırılması və qlobal bazarda potensial müştərilərə tanıtdırılması baxımından birgə fəaliyyat göstərməsi nəzərdə tutulub.

Əlavə məlumat üçün bildirək ki, “Gripen E” qırıcısı “Gripen”in son variantıdır və “Saab” tərəfindən onun yaradılması ilə bağlı işlərə 2013-cü ildə başlanılıb. “Gripen E” qırıcısının uzunluğu 15.2 m, eni 8.6 m, maksimal uçuş kütləsi 16.5 tondur. Qırıcının silahlar üçün on asma nöqtəsi və 27 mm çaplı Mauser BK27 avtomatik topu var. Hava hədəfini tutmaq və məhv etmək üçün elan edilmiş döyüş hazırlığı 10 dəqiqədir.

455

Poliqon.az

CATEGORIES
TAGS