Cənubi Koreyada təkərli haubitsa layihələndirilib

Cənubi Koreyada təkərli haubitsa layihələndirilib

Cənubi Koreyanın müdafiə sənayesi nəhəngi “Hanwha Aerospace” şirkəti ixrac üçün rekord uzunluqda lüləsi olan 155 mm-lik təkərli özüyeriyən haubitsa hazırlayır.

“Poliqon” “Bizhankook” nəşrinə istinadən xəbər verir ki, yeni özüyeriyən haubitsa üçün Böyük Britaniya tenderini Almaniyanın KNDS konserninin RCH 155 təkərli özüyeriyən haubitsasına uduzduqdan üç ay sonra “Hanwha Aerospace” şirkəti özünün ilk təkərli özüyeriyən artilleriya qurğusunu (ÖAQ) təqdim edib.

Yeni layihə artıq işlənmiş texnologiyalara əsaslanır. O, perspektivli K9A2 ÖAQ artilleriya hissəsindən və K239 “Chunmoo” yaylım atəşli reaktiv sistemin (YARS) Doosan DST K239L 8×8 təkər formullu zirehli şassisindən istifadə edir. Sifariş olarsa, Doosan DST K239L 8×8 təkər formullu zirehli şassi əvəzinə TAIGON zirehli maşınına da quraşdırıla bilər. Bu halda, onun RCH 155 ÖAQ ilə praktiki olaraq eyni səviyyəyə malik olması gözlənilir.

Şirkətin yeni həlli müvafiq tonajlı istənilən təkərli şassilərə quraşdırmaq üçün uyğunlaşdırılmış tam avtomatlaşdırılmış artilleriya modulu təklif edir.

Layihəyə əsasən, maşının K9A2 avtomatik doldurma xüsusiyyətlərinə uyğun gələn 2-3 nəfərə qədər azaldılmış bir heyəti və dəqiqədə 9 atış kimi yüksək atəş tezliyi olmalıdır.

Yeni sistemin əsas ixrac üstünlüyü rekord uzunluğu 58 çap (9 metr) olan lülə sayəsində idarə olunan atəş yığımı ilə 70 kilometrə çata bilən maksimal atış məsafəsi olmasıdır. Beləliklə, Cənubi Koreyanın hərbi sənayesi lülə uzunluğu 58 çap olan ucuz təkərli artilleriya sistemləri seqmentində analoqu hələ dünyada olmayan silahlanma yarışı açır.

Bildirilir ki, Cənubi Koreyanın “Hanwha Aerospace” şirkəti müasir atəşi idarəetmə sistemi və lülə uzunluğu 58 çap olan, özüyeriyən silahların tırtıllı versiyaları ilə müqayisədə ucuz, təkərli haubitsa vasitəsilə həm Avropada, həm də Yaxın Şərqdə 155 mm-lik sistemlər bazarını fəth etmək üçün genişmiqyaslı iddialı planlara malikdir.

Bununla belə, lülənin perspektivli uzunluğunun 58 çap olması, yeni təkərli haubitsada 52 çapla məhdudlaşan “Hanwha Aerospace” də daxil olmaqla artilleriya sistemlərinin bütün istehsalçıları üçün qeyri-real və uzaq perspektivdir, daha uzun lülə üzərində işləmək hələlik layihələndirmə mərhələsindədir. Buna görə də hazırda heç bir seriyalı artilleriya sistemi bu uzunluqda silahla təchiz olunmur. Qeyd edək ki, bu ilin mart ayında ABŞ oxşar uzunluqda lüləli XM1299 haubitsasını hazırlayan analoji ERCA layihəsini qapadıb. Bu da ondan irəli gəlib ki, tam atımla atəş zamanı atışlar nəticəsində həddindən artıq yüksək lülə aşınması səbəbindən inkişaf perspektivsiz hesab edilib.

Nəşr qeyd edir ki, Almaniyanın RCH 155 ÖAQ-ı ilə rəqabətdə Cənubi Koreyanın təkərli özüyeriyən haubitsası hərəkətlik qabiliyyətində geridə qalır, çünki rəqibindən fərqli olaraq, o, atış üçün torpaq dayaqları açmağa ehtiyac duyur. Bu səbəbdən tələb olunan atəş müddətinin daha uzun olacağı gözlənilir.

“Hanwha Aerospace” şirkəti perspektivli məhsulunu ucuz və manevr edə bilən özüyeriyən haubitsa ehtiyacı olan müştəriləri qane etməli olan ixrac sistemi kimi təqdim edir.

Nəşr bildirir ki, K9 özüyeriyən haubitsa müxtəlif üstünlüklərə malikdir, lakin onun Britaniyanın özüyeriyən artilleriya layihəsində (MPF) KNDS-nin RCH155 təkərli özüyeriyən haubitsasına məğlub olması “Hanwha Aerospace” şirkətini təkərli ÖAQ hazırlamaq qərarına gətirib. Yeni ÖAQ “Hanwha Aerospace” şirkətinin öz büdcəsi hesabına təşəbbüs qaydasında hazırlanır.

Keçən ilə olan məlumata görə, şirkət 1700-dən çox K9 “Thunder” tırtıllı ÖAQ istehsal edib və Türkiyə (T-155 “Fırtına I”), Polşa (K9PL), Norveç (K9 “VIDAR”), Estoniya (K9EST “Kõu”), Finlandiya (K9FIN “Moukari”), Hindistan (K9 “Vajra-T”), Misir (K9A1EGY) daxil olmaqla 9-dan çox ölkəyə ixrac edib ki, bu da 155 mm-lik özüyeriyən haubitsa bazarının 36%-dən çoxunu təşkil edir. Bundan başqa, şirkət bu yaxınlarda Rumıniya ilə 54 ədəd K9 “Tunet” ÖAQ satışına dair müqavilə imzalayıb.

“Hanwha Aerospace” məhsullarının əsas ixrac üstünlüklərindən biri alıcı ölkədə öz sistemlərinin lokallaşdırılmasını fəal şəkildə təklif edən istehsal tempi və çevikliyidir. Bu xüsusda qeyd etmək olar ki, cari ilin aprel ayında şirkət Avstraliyada ölkənin silahlı qüvvələri üçün AS9 “Huntsman” (K9 “Thunder” ÖAQ-ın Avstraliya versiyası) özüyeriyən haubitsaları istehsal edəcək zavodun tikintisini və istismara verilməsini başa çatdırıb.

Əhəd Vahidoğlu

CATEGORIES
TAGS