Çexiya Ordusu “Leopard 2A4” tankını sınaqdan keçirib
Almaniyanın Çexiyaya bağışladığı “Leopard 2A4” tankları bu ölkənin ordusu tərəfindən aparılan sınaqları müvəffəqiyyətlə tamamlayıb.
“Poliqon” xəbər verir ki, bu barədə Çexiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, 16 test yoxlamalarından uğurla keçməyi bacaran “Leopard 2A4” tankları artıq Çexiya Ordusunun silahlanmasına veriləcək.
Xatırladaq ki, 2022-ci ilin oktyabr ayında “Rheinmetall” şirkəti, Çexiya və Almaniya hökumətləri arasında Çexiya Ordusuna 14 ədəd “Leopard 2A4” tankının və 1 ədəd “Buffalo” zirehli təmir-təxliyyə maşınının, onların sursatlarının, ehtiyyat hissələrinin tədarük edilməsi və texniki xidmətin göstərilməsi üçün 167 milyon avro dəyərində müqavilə imzalanıb.
Müqavilə çərçivəsində ilk “Leopard 2A4” tankı Çexiya Ordusuna ötən ilik dekabr ayında təhvil verilib və geridə qalan hissəsinin 2023-cü ilin sonuna kimi çatdırılması planlaşdırılıb.
Həmçinin, təkmilləşdirilmiş “Leopard 2” şassisində istehsal olunacaq “Buffalo” zirehli təmir-təxliyyə maşınının da 2024-cü ilin ortalarına qədər hazır edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, bütün bu proses Almaniya Hökumətinin “Ringtausch” avadanlıq mübadiləsi proqramı çərçivəsində həyata keçirilir. “Ringtausch” proqramı Almaniya hökuməti tərəfindən Rusiyanın işğalına qarşı Ukraynanı dəstəkləmək məqsədi ilə başladılıb.
Proqrama əsasən Almaniyanın qonşuları və NATO-ya daxil olan ölkələr yeni Qərb hərbi sistemlərinin əvəzində inventarlarındakı Sovet dövrünə aid hərbi texnika və avadanlıqları Ukrayna Ordusunun silahlanmasına verir.