Coğrafı informasiya sistemləri texnologiyasının hərb sahəsində tətbiq edilməsi

Coğrafı informasiya sistemləri texnologiyasının hərb sahəsində tətbiq edilməsi

İnkişaf etməkdə olan kompüter texnologiyası bir çox sahələrdə olduğu kimi müdafiə sənayesində də özünü hiss etdirmişdir. Bunun nəticəsində idarəetmə, rabitə, kəşfiyyat, müşahidəetmə, hədəfgöstərmə, silah sistemləri, təlim animatsiyaları və s. kimi sahələrdə Coğrafi İnformasiya Sistemləri texnologiyasından istifadə edilməsi artıq bir məcburiyyət halına gəlmişdir.

Vəzifə və xidmətlərini doğru, sürətli və iqtisadi cəhətdən səmərəli bir şəkildə yerinə yetirmək hər bir peşə sahəsində olduğu kimi hərbi sahənin də başlıca hədəflərindən biridir. Bu əsas hədəfə çatmanın yolu isə inkişaf etmiş texnologiyaları öz işində tətbiq etməkdən keçməkdədir. Bu texnologiyanın başında Coğrafi İnformasiya Sistemləri texnologiyası gəlir. Coğrafi İnformasiya Sistemləri (CİS) texnologiyası hərbi əməliyyatlarda əsas rol oynayır və komandirlər üçün əla bir vasitədir. Hərbi bölmələrdə CİS tətbiqetmələrinin istifadəsi bölmələrin fəaliyyət və işləmə üslublarında bir inqilab yaratmışdır. Hərbi bölmələr CİS-dən kartoqrafiya, kəşfiyyat, döyüş sahələrinin idarəedilməsi, ərazi analizi, məsafədən zondlama və mümkün terror fəaliyyətinin monitorinqi daxil olmaqla quruda və dənizdə aparılan hərbi əməliyyatlarda istifadə edirlər.

İnkişaf edən texnologiyalar içərisində kompüter texnologiyasını da qeyd etmək lazımdır. Artıq Silahlı Qüvvələrin hər bir sahəsində kompüter texnologiyasından çox geniş istifadə edilir. Əvvələr əl ilə görülən işlər kompüterlərin inkişaf etməsi ilə kompüterlərdə görülməyə başlandı. İlk başlarda kompüterlər sadəcə hərbi əməliyyat meydanında hərbi hədəflərə aid məkansal və atributiv məlumatların toplandığı bir saxlanc idi. Proqram təminatlarının inkişaf etməsi ilə kompüter yaddaşlarında – saxlanclarda toplanmış əməliyyat meydanına və hərbi hədəflərə aid coğrafi məlumatların analizini aparmaq mümkün oldu. Hərbi əməliyyat meydanında ərazinin topoqrafik elementləri, məs. relyef, torpaq və qrunt haqqında məlumatların toplanması əməliyyatlara hazırlıq mərhələsində ən vacib tapşrııqlardan biridir. Çünki, bu topoqrafik elementlərin bir-biri ilə kombinasiyası iqlimlə birllikdə müxtəlif ərazi tipləri əmələ gətirir ki, onların da hər birinin özünəməxsus xüsusiyyətləri vаrdır. Bu хüsusiyyətlər döyüş əməliyyatlarının təşkilinə və döyüşün aparılmasına, hücumda və müdafiədə qoşunların tərtiblənməsinə, döyüş texnikasının tətbiq edilməsinə, hücumun sürətinə, ordunun kütləvi qırğın silahlarından müdafiəsinə, yürüşün sürətinə və s. öz təsirini göstərir. Buna görə də ərazi, döyüş şəraitinin əsas və daimi ünsürlərindən biri olmaqla, qoşunların döyüş fəaliyyətinin bütün tərəflərinə əhəmiyyətli dərəcədə təsir göstərir. Dünyada baş verən müharibələrin, həmçinin, 1-ci və 2-ci Qarabağ müharibəsinin təcrübəsi əyani şəkildə onu göstərdi ki, ərazi faktorundan bacarıqla istifadə edərək silah və texnikanı daha səmərəli tətbiq edən tərəfin uğur qazanmaq şansı daha çoxdur.

Döyüşün təşkil edilməsi prosesində ərazinin öyrənilməsi və qiymətləndirilməsi onun taktiki xüsusiyyətlərinin aşkara çıxarılmasından və bu xüsusiyyətlərin bölmələrin fəaliyyətinə təsirinin aydinlaşdırılmasından ibarətdir. Bu zaman ərazidə baş verən mümkün dəyişikliklər, meteoroloji şərait, ilin və sutkanın vaxtı nəzərə alınmalıdır. Bütün bunların əsasında ərazinin əlverişli xassələrindən səmərəli istifadə olunması və mənfi təsirinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edilməsi üçün zəruri olan nəticələr çıxarılır. Ərazinin öyrənilməsi və qiymətləndirilməsi prosesi yaradıcı xarakter daşıyır. O, döyüş şəraitinə təsir edən müxtəlif amillərin təhlili və döyüş tapşırığının daha səmərəli həll yollarının axtarışı ilə müşayiət olunur. Döyüş tapşırığının dərinliyinə qədər ərazinin hərtərəfli öyrənilməsi və düzgün qiymətləndirilməsi bölmə komandirinə düşmənin ən ehtimal olunan hərəkətlərini qabaqcadan görməyə imkan verir.

Coğrafi İnformasiya Sistemləri texnologiyalarından istifadə edərək, döyüş əməliyyatlarına hazırlıq mərhələsində ərazinin taktiki xüsusiyyətləri haqqında geniş məlumat toplaya bilərik. Ərazinin taktiki xüsusiyyətləri – döyüş əməliyyatlarının təşkilinə və aparılmasına, silah və döyüş texnikasının tətbiqinə ərazi xüsusiyyətlərinin göstərdiyi təsirlərdir. Bunlar:

Ərazinin 3 uc olculu modeli

Şəkil: Ərazinin 3 (üç) ölçülü modeli

  • Ərazinin keçilmə imkanı;
  • Ərazinin qoruyucu xüsusiyyətlər;
  • Ərazinin səmtlənmə şəraiti;
  • Ərazinin müşahidə şəraiti;
  • Ərazinin maskalayıcı xüsusiyyətlər;
  • Ərazinin atəş açma şəraiti;
  • Ərazinin mühəndis təchizatı şəraiti.

Coğrafi İnformasiya Sistemləri texnologiyasından istifadə edərək birlik və birləşmələrin mühəndis xidmətləri “Ərazinin keçilmə imkanı haqqında məlumat toplaya bilərlər. “Ərazinin keçilmə imkanı qoşunların, əsasən döyüş texnikası və nəqliyyat vasitələrinin ərazidə hərəkətini asanlaşdıran və ya məhdudlaşdıran, həmçinin onların manevrinə və sürətinə təsir edən xüsüsiyyətlərdir. Keçilmə imkanı, ilk növbədə sərt örtüklü yolların olmasından, yol şəbəkəsinin inkişaf dərəcəsindən, yolun və yol qurğularının vəziyyətindən, həmçinin təkərli və tırtıllı texnikanın yoldan kənar hərəkət imkanından asılıdır. Döyüş zamanı qoşunların hərəkət istiqaməti taktiki şəraitə və ərazinin vəziyyətinə uyğun olaraq seçilir. Ona görə də tankların, özüyeriyən topların, zirehli transportyorların və digər hərbi texnikanın yolsuz ərazidə hərəkət etmək imkanı böyük əhəmiyyət kəsb edir. Yolsuz ərazidə keçilmə imkanına relyefin, bitki örtüyünün, torpaq və qruntun xarakteri, təbii və süni maneələrin (çay, göl, bataqlıq və s.) mövcudluğu böyük təsir göstərir. “Ərazinin keçilmə imkanı” qiymətləndirərkən döyüş və digər hərbi texnikanın taktiki-texniki göstəriciləri, ilin fəsli və hava şəraiti həmişə nəzərə alınmalıdır.

Birlik və birləşmələrin kimya xidmətləri Coğrafi İnformasiya Sistemləri texnologiyalarından istifadə edərək rəqəmsal mühitdə “Ərazinin qoruyucu xüsusiyyətləri” haqqında ətraflı məlumat toplaya bilərlər. “Ərazinin qoruyucu xüsusiyyətləri” adi və kütləvi qirğın silahlarının öldürücü amillərinin təsirini zəiflədən, qoşunların müdafiəsinin təşkilini аsаnlаşdırаn ərazi xüsusiyyətləridir. Bu xüsusiyyətlər relyefin və bitki örtüyünün xarakteri ilə, eləcə də ərazidə müxtəlif təbii və süni sığınacaqların mövcudluğu ilə müəyyən edilir. “Ərazinin qoruyucu xüsusiyyətləri” digər tədbirlərlə – qoşunların ərazidə səpələnməsi, maskalanma və ərazinin mühəndis təchizatı ilə kompleks şəkildə istifadə olunduqda özünü daha tam büruzə verir. “Ərazinin qoruyucu xüsusiyyətləri”ndən bacarıqla istifadə edilməsi, müasir döyüşün təşkilinə qоyulаn əsas tələblərdən biridir.

“Ərazinin səmtlənmə şəraiti” üfüqin cəhətlərinə, ətrafdakı yerli obyektlərə, həmçinin öz qoşunlarımıza və düşmən qoşunlarına nəzərən dayanma yerinin və lazımi hərəkət istiqamətinin təyin edilməsinə yardım edən ərazi xüsusiyyətləridir. Səmtlənmə şəraiti xarici görünüşünə və ya yerinə görə digər obyektlərdən seçilən və oriyentir məqsədi ilə istifadəsi asan olan yerli оbyекtlərin və xarakterik relyef elementlərinin mövcudluğu ilə səciyyələndirilir. Hər bir komandirin ərаzidə tez və səhvsiz səmtlənmə bacarığı bölmələrə və atəş vasitələrinə döyüş tapşırıqlarının düzgün verilməsində, hədəfin yerinin dəqiq göstərilməsində və döyüş zamanı bölmələrin inamla idarə edilməsində əsas vasitə rolunu oynayır. Hərbi təyinatlı planşetlərə və ya hərbi vasitələrə yüklənmiş rəqəmsal xəritələrdən istifadə edilməsi komandirlərə bu işin öhdəsindən gəlməyi asanlaşdırmışdır.

75a2c0ec6234346c729b60f8a539f90c e1631089701424

Şəkil: Rəqəmsal xəritənin hərbi təyinatlı planşetdə istifadə edilməsi

“Ərazinin müşahidə şəraiti” düşmənin mövqеyi, onun qüvvə və vasitələri haqqında məlumatların əldə еdilməsinə yardım edən ərazi xüsusiyyətləridir. Bu хüsusiyyət ərazinin görünmə dərəcəsi və baxış məsafəsi ilə müəyyən edilir və relyefin, bitki örtüyünün, yaşayış məntəqələrinin və görünüşə maneçilik törədən başqa obyektlərin xarakterindən, еləcə də meteoroloji şəraitdən asılıdır. Ərazidə yarğanlar, dərələr, yüksəkliklər, ağac və kol bitkiləri, müxtəlif tikililər nə qədər çox olarsa, müşahidə şəraiti bir o qədər əlverişsiz olar. Müşahidənin düzgün təşkili və ondan alınmış nəticələr komandirə şəraiti hərtərəfli qiymətləndirmək və əsaslandırılmış qərar qəbul etmək imkanı verir. Müasir proqram təminatları müşahidəni bir xətt boyunca və ya 0-360° arasında aparmaq imkanı verir. Şəkildəki, qırmızı rəngli ərazi – müşahidə məntəqəsindən (Keçəlqaya) görünməyən (ölü bölgələr) ərazilərdir. Yaşıl rəngli ərazi isə – müşahidə məntəqəsindən (Keçəlqaya) görünən ərazilərdir.                                                                          

“Ərazinin maskalayıcı xüsusiyyətləri” şəxsi heyətin və döyüş texnikasının mövqеyini və yerdəyişməsini düşməndən gizli saxlamağa imkan verən ərazi xüsusiyyətləridir. Ərаzinin mаsкаlаyıcı хüsusiyyətləri relyef formalarının əmələ gətirdiyi təbii daldalanacaqların, bitki örtüyünün, yaşayış məntəqələrinin və yerli obyektlərin mövcudluğu ilə, həmçinin ərazinin ümumi xarakteri, rəngi və “ləkəli” olması müəyyən edilir (rəng spektri nə qədər müxtəlif olarsa, maskalanma şəraiti bir o qədər əlverişli olar). Sıx bitki örtüyü və yaşayış məntəqələri olan dərəli-təpəli ərazi yaxşı maskalayıcı xüsusiyyətə malikdir. Dərələr, yarğanlar və qobular qoşunların cəmləşdiyi rayonda daldalanmaq üçün əlverişli şərait yаrаtmаqlа yаnаşı, həm də onların gizli hərəkət etməsinə və arxa cəbhə ilə əlaqə saxlamasına imкаn yаrаdırlаr.

Ərazinin musahidə səraitinin oyrənilməsi

Şəkil: Ərazinin müşahidə şəraitinin öyrənilməsi: a) – 2 ölçülü;

Ərazinin maskalayıcı хüsusiyyətləri ilin fəslindən, sutkanın vaxtından və hava şəraitindən asılıdır. Belə ki, enliyarpaqlı meşə yay vaxtı həm havadan, həm də yerüstü müşahidədən maskalanmanı təmin edir. Qışda isə bu meşədə döyüş texnikası qar örtüyü fonunda asanlıqla seçilir. Ərazinin maskalayıcı хüsusiyyətləri obyektləri düşmənin həm vizual, həm də müxtəlif texniki kəşfiyyat vasitələrinin köməyi ilə müşahidəsindən gizlətməyə imkan verir, qoşunların gizli yerləşdirilməsini, düşmənə qəfil zərbə endirilməsini təmin edir. Birlik və birləşmələrin kəşfiyyat bölmələri Coğrafi İnformasiya Sistemləri texnologiyasının proqram təminatlarından istifadə edərək rəqəmsal xəritələr üzərində maskalamada istifadə ediləcək ərazi obyektlərini müəyyənləşdirə və əhəmiyyət dərəcəsinə görə onları təsnifatlaşdıra bilərlər. Rəqəmsal xəritələrdən istifadə edilməsi həmin ərazi obyektlərinin coğrafi və düzbucaqlı koordinatlarını təyin etməyə və istənilən nöqtədən həmin ərazi obyektlərinə olan məsafəni və bucağı hesablamağa imkan verir.

“Ərazinin atəş açma şəraiti” atəş vasitələrinin düşməndən gizli olaraq yerləşdirilməsini, toplardan və atıcı silahlardan mümkün qədər uzaq məsafələrin atəşə tutulmasını, həmçinin atışlara düzəliş edilməsini təmin edən ərazi xüsusiyyətləridir. Ərazinin bu хüsusiyyəti əsasən relyefin xarakterindən və bitki örtüyündən asılıdır. Ərazinin 3 ölçülü və gölgə modelindən istifadə edərək bu ərazi xüsusiyyətlərini real döyüşdə tətbiq etmək mümkündür.

Gografi informasiya sistemləri 1

Şəkil: Ərazinin müşahidə şəraitinin öyrənilməsi: b) 3 ölçülü

“Ərazinin mühəndis təchizatı şəraiti” torpağın tipindən, qrunt sularının səviyyəsindən, tikinti materiallarının mövcudluğundan, həmçinin təbii və süni daldalanacaqların və maneələrin xarakterindən asılıdır. Bir çox hallarda kolon yollarının hazırlanması, səngər və xəndəklərin qazılması, şəxsi heyət və hərbi texnika üçün sığınacaqların tikilməsi zаmаnı görüləcəк işlərin həcmi əsаsən, torpağın tipi və оnun vəziyyəti ilə müəyyən edilir. 2-ci Qarabağ müharibəsində Azərbaycan Ordusunun mühəndis bölmələri kolon yollarının hazırlanması, xüsusilə Şuşa əməliyyatı üçün lazım olan yolların seçilməsi tapşırığını CİS texnologiyasına aid olan ArcGIS, Global Mapper və Google Earth kimi proqram təminatlarından istifadə edərək yerinə yetirmişlər.

Ümumiyyətlə, hərbi əməliyyat meydanında coğrafi təhlillərin aparılması üçün əsas mənbə müasir və etibarlı coğrafi məlumatların olmasıdır. Məsələn, mövcud müşahidə sistemlərini dağlıq ərazidə həssaslıqla yerləşdirmək istəyiriksə, əlimizdə həmin əraziyə aid Rəqəmsal Yüksəklik Məlumatları olmalıdır. Dağlıq ərazidə müşahidə sisteminin qurulması zamanı bizə Rəqəmsal Yüksəklik Modeli ilə yanaşı ərazinin peyk təsvirləri, aerofotoşəkilləri, Pilotsuz Uçan Aparatlar (PUA) görüntüləri və müşahidə şarından alınmış məlumatlar lazım gələcəkdir. Buna görə, biz süni peyklər, PUA və müşahidə şarları haqqında məlumat sahibi olmalıyıq. Saydığımız bu cihazlardan əldə olunan ərazi təsvirlərinin (şəkillərinin) bizim üçün əhəmiyyət kəsb edən bir neçə xüsusiyyəti varki, bunlardan birincisi təsvirin güncəl olmasıdır. İkinci xüsusiyyət isə şəklin ayırdetmə dərəcəsinin yüksək olmasıdır. Dağlıq ərazidə adətən ayırdetmə dərəcəsi 0,5-1,5m olan təsvirlərə (şəkillərə) üstünlük verilir. Kağız xəritələrin güncəl olmaması bizi güncəl peyk təsvirlərindən və aerofotoşəkillərdən istifadə etməyə məcbur edir.

Bugün Coğrafi İnformasiya Sistemləri texnologiyasına aid olan proqram təminalarından istifadə etməklə, əməliyyat meydanın ərazi profilini, görüş diaqramlarını, üç ölçülü modellərini, kölgə və meyillik xəritələrini hazırlamağımız mümkündür. Hərbi əməliyyatlar zamanı və sonrasında ətraf mühitə dəymiş ziyanı hesablamağımız mümkün olmuşdur. Hücum əməliyyatı icra olunacaq yaşayış obyketlərində atılan raketlərdən sonra neçə mülki əhalinin həlak olacağının hesablanması da mümkün olmuşdur. Coğrafi təhlil funksiyalarından “Bufer analizi” funksiyasından istifadə eməklə atılan raketlərin zərər vuracağı sahənin müəyənləşdirilməsi və əvvəlcədən nüfus haqqında əldə edilən məlumatlardan istifadə etməklə bu zərərin hesablanması mümkündür. PUA-ların çəkdikləri görüntülərin də bu hesablamaların aparılmasında xidmətləri əvəzsizdir. Dünya ölkələri beynəlxalq qınağın qarşısını almaqdan ötrü icra etdikləri əməliyyatlarda mülki əhalinin həlak olmasını ən minumum həddə saxlamağa çalışırlar.

5ee16540f48c844b080733e8863d09c9

Şəkil. Ərazinin profilinin çıxarılması

Hərbi əməliyyatların planlaşdırılması və icrası mərhələlərində coğrafi məlumatların toplanması, emalı, yuxarı komandanlığa və qoşunlara vaxtında çatdırılması vacib məsələlərdən biridir. Bu işlərin icrası zamanı ayrı-ayrı təyinatlı proqram təminatlarından istifadə edilməsi vaxt itkisinə, məlumatın dəqiqliyinin azalmasına və s. gətirib çıxarır. Bundan dolayı, Coğrafi İnformasiya Sistemləri texnologiyası əsasında hazırlanmış vahid proqram platformalarından istifadə edilməsi labüdləşir. Bu tip proqram platformalarından istifadə edilməsi mövcud resurslardan qənaətlə istifadəsinə, coğrafi məlumatların mübadiləsinin sürətlənməsinə və məlumatların xəta paylarının azalmasına gətirib çıxaracaqdır. Bu tip proqram platformalarından istifadə edilməsi, komandir heyətinə ərazini daha təfərrüatlı və kompleks bir şəkildə öyrənməyə imkan verəcəkdir.

Səkil. Ərazinin horizontallarla təsvir edilməsi

Şəkil. Ərazinin horizontallarla təsvir edilməsi

Coğrafi İnformasiya Sistemləri texnologiyasının hərb sahəsində tətbiq edilməsini aşağıdakı kimi təsnifatlaşdıra bilərik

  1. Naviqasiya və İstiqamətləndirmə:
  • Gəmi, təyyarə, tank, PUA, dron və s. hərbi texnika vasitələrinin rəqəmsal koordinatlardan istifadə edərək kompüterin köməyi ilə naviqasiyası;
  • Balistik raketlərin rəqəmsal koordinatlardan istifadə edərək hədəfə istiqamətləndirilməsi;
  • Raketlərin rəqəmsal yüksəklik məlumatlarından istifadə edərək hədəfə istiqamətləndirilməsi;
  • Ərazinin xususiyyətləri nəzərə alınaraq hərbi əməliyyatların planlaşdırılması.
  1. Müşahidəetmə, Hədəf Göstərmə və Silah Sistemləri:
  • Müxtəlif silah sistemlərinin müşahidə edəbildikləri və atəşə tutabiləcəkləri yerlərin müəyyənləşdirilməsi;
  • Rəqəmsal yüksəklik məlumatlarından istifadə etməklə xəritə, peyk təsviri və aerofotoşəkillərin 3 ölçülü modellərinin hazırlanması və istifadəsi;
  • Dayandığı yerin koordinatı məlum olan müşahidəçinin görəbiləcəyi yerlərin müəyyənləşdirilməsi;
  • Dayandığı yerin koordinatı və əhatə məsafəsi məlum olan radarın müxtəlif uçuş hündürlüklərinə görə əhatə diaqramlarının hazırlanması;
  • Rəqəmsal yüksəklik məlumatlarından istifadə etməklə düşmənin artilleriya atışlarının radarda izlənməsi və düşmən batareyalarının dəqiq yerlərinin müəyyən edilməsi.
  1. Taktik Qərargah, Rabitə və Kəşfiyyat:
  • Qərargah serverlərində mövcud olan raster və vektor xəritələrin bölgələr üzrə istənilən miqyasa gətirilməsi və monitorlarda göstərilməsi;
  • Kəşfiyyat raportlarının rəqəmsal xəritələr üzərinə qeyd olunması və dəyərləndirilməsi;
  • Siqnal ötürücü rabitə stansiyaların yerlərinin təyin edilməsində ərazinin rəqəmsal qiymətləndirilməsi;
  • Radar əhatə dairəsinin hazırlanması;
  • Rabitə xətlərinin çəkilməsi;
  • Hərb oyunlarında rəqəmsal coğrafi məlumatlardan istifadə edilməsi;
  • Görünən və ölü bölgələrin təyin edilməsi;
  • Ərazinin meyillik modelinin hazırlanması və təsnifatlaşdırılması.
  1. Təlim simulyatorları:
  • Artilleriya atışının canlandırılması;
  • Uçuşun canlandırılması;
  • Mina axtarış işlərinin canlandırılması;
  • Kütləvi qırğın (Nüvə, biolojik və kimyəvi) silahlarının təsir sahələrinin canlandırılması;
  • Radar və silahların ərazidə yerləşdirilməsinin canlandırılması;
  • Hərbi Hava Qüvvələri vasitələrinin uçuşlarnın canlandırılması;
  • Müşahidə cihazlarının ərazidə yerləşdirilməsinin canlandırılması.

Təhlil

XXI əsr informasiya əsri olaraq adlandırılmışdır. Bu dövrdə informasiya sistemlərini yaradan və onu istifadə edənlər cəmiyyətin inkişafında əsas hərəkətverici qüvvə olmuşdur və olmaqda da davam edir. Xüsusilə Coğrafi İnformasiya Sistemləri texnologiyası ilə emal olunan, analiz edilən və nümayiş olunan coğrafi məlumatlar hərb elm sahəsində öz təsirini göstərmişdir. İnkişaf etmiş ölkələrdə Coğrafi İnformasiya Sistemləri texnologiyasının öyrənilməsi XX əsrin sonlarından etibarən dəyişən, inkişaf edən kompüter texnologiyası ilə uzlaşmış və hərb elmində nəzəri məlumatların praktikaya keçməsinə böyük təkan vermişdir.

Coğrafi İnformasiya Sistemləri texnologiyasından hərbi sahədə istifadə edilməsi komandir heyətinə qısa bir zamanda qərarvermə imkanı qazandırır, əməliyyat planlarını sadələşdirir və vizuallaşdırır, ərazinin taktik və topoqrafik qiymətləndirilməsi imkanı verir, kağız xəritələrin istifadəsi zamanı ortaya çıxan problemləri ortadan qaldırır və şəxsi heyətə verilən tapşırıqları asanlıqla və sürətlə yerinə yetirmə imkanı qazandırır. Coğrafi İnformasiya Sistemləri texnologiyasından istifadə edilməsi Silahlı Qüvvələrin döyüş qabiliyyətinin artırılmasında əvəzsiz yer tutur.

Müasir muharibələrin əsas məlumat qaynağının rəqəmli coğrafi məhsulların təşkil etdiyini nəzərə alaraq Silahlı Qüvvələrdə Coğrafi İnformasiya Sistemləri texnologiyasının tətbiq sahələrinin genişləndirilməsinə ehtiyac vardır. Bu sistemdən mümkün olan faydanı götürmək üçün onun öyrənilməsi və tədris olunması vacibdir. Bunun üçün onun xüsusi təyinatlı təhsil müəssisələrimizdə bir fənn olaraq tədris edilməsi böyük əhəmiyyət kəsb edir. Bununla yanaşı, aparılan hərbi elmi-tədqiqat işlərinin əhatə dairəsinin genişləndirilməsi məqsədilə aidiyyətli qurumlarda Coğrafi İnformasiya Sistemləri laboratoriyası yaradılmalı, bilikli və təcrübəli mütəxəsisslər bu işlərə cəlb edilməlidir. Zabit və mütəxəssis heyətinin bu sahədə maarifləndirilməsi məqsədilə Coğrafi İnformasiya Sistemləri üzrə elmi seminar və konfranslar keçirilməlidir. Yerli və beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə mütəxəssis heyətinin ölkə daxilində və xarici ölkələrdə təşkil olunan Coğrafi İnformasiya Sistemləri kurslarında iştirakı təmin edilməlidir.

Yaşar Nəsibov CİS mütəxəssisi

POLİQON JURNALI

CATEGORIES
TAGS