DSX rəisi şəhid ailələrinə baş çəkib

DSX rəisi şəhid ailələrinə baş çəkib

8 noyabr – Zəfər Günü ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev və qurumun rəhbər heyəti ölkəmizin ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhidlik zirvəsinə ucalmış hərbi qulluqçularımızın ailələrini və məzarlarını ziyarət ediblər.

DSX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, keçirilmiş mərasimlərdə ərazi bütövlüyümüzün bərpası və tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda Vətən müharibəsində, 12-13 sentyabr 2022-ci il tarixlərində Ermənistan Silahlı Qüvvələrinin geniş miqyaslı təxribatlarının qarşısının alınmasında və lokal xarakterli antiterror tədbirləri zamanı Azərbaycan Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin siyasi qətiyyəti və sərkərdə məharəti, Silahlı Qüvvələrimizin rəşadəti sayəsində qazanılmış möhtəşəm qələbədən danışılıb, şəhidlərin Hərbi Anda sadiq qalaraq Vətən Müharibəsinin ilk günündən döyüş meydanında şücaət və fədakarlıq nümayiş etdirdikləri, qarşıya qoyulan döyüş tapşırıqlarını qanları və canları bahasına layiqincə yerinə yetirərək şəhadətə ucaldıqları vurğulanıb.

Vətən Müharibəsi və antiterror tədbirləri zamanı bizlərə qalibiyyət sevinci yaşatmış şəhidlərimizin əziz xatirəsinin hər zaman ehtiram və minnətdarlıqla anılacağı, onların qəhrəmanlıq mirasının gələcək nəsillər üçün nümunə olacağı qeyd edilib.

Şəhidlərin ailə üzvləri dövlətimiz tərəfindən torpaqlarımızın azad olunması uğrunda həlak olan qəhrəmanların xatirələrinin əbədiləşdirilməsinə, ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə minnətdarlıq bildiriblər.

CATEGORIES