SƏRHƏDXəbərlər

DSX sərhəd mühafizəsində ən müasir texnologiyaların tətbiqini genişləndirib

Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən olunmuş milli sərhəd təhlükəsizliyi strategiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında yeni tarixi mərhələdə uğurla inkişaf etdirilib.

“Poliqon” xəbər verir ki, bunu Dövlət Sərhəd Xidməti (DSX) rəisinin müavini, general-leytenant Abbas Xəlilov “Azərbaycan” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, son illərdə Dövlət Sərhəd Xidmətinin döyüş və texniki imkanları əsaslı şəkildə artırılıb, yeni hərbi hissələr, sərhəd zastavaları, sərhəd-döyüş məntəqələri, təlim mərkəzləri və digər mühüm infrastruktur obyektləri yaradılıb: “Sərhəd mühafizəsində ən müasir texnologiyaların tətbiqi genişləndirilib. Elektron-optik müşahidə vasitələri, radiolokasiya sistemləri, pilotsuz uçuş aparatları, müasir rabitə vasitələri, xüsusi təyinatlı nəqliyyat və mühəndis texnikası xidməti fəaliyyətimizin ayrılmaz hissəsinə çevrilib”.

A.Xəlilov bildirib ki, Dövlət Sərhəd Xidmətinin qarşısında duran mühüm vəzifələrdən biri istənilən relyef və hava şəraitində fasiləsiz sərhəd mühafizəsini təmin edə bilən mobil, yüksək döyüş hazırlıqlı və müasir texnologiyalarla təchiz edilmiş qüvvələrin formalaşdırılmasıdır.

“2026-cı il üçün Dövlət Sərhəd Xidməti qarşısında müəyyənləşdirilmiş əsas istiqamətlər sırasında dövlət sərhədinin texniki vasitələrlə mühafizə və müdafiəsinin daha da gücləndirilməsi, çətin relyef və hava şəraitində tapşırıqları yerinə yetirə bilən hərbi qulluqçuların hazırlığının yüksəldilməsi, döyüş hazırlığının və hərbi intizamın daim yüksək səviyyədə saxlanılması xüsusi yer tutur.

Prezident cənab İlham Əliyevin Dövlət Sərhəd Xidmətinə göstərdiyi diqqət və yüksək etimad Azərbaycan sərhədçiləri tərəfindən böyük məsuliyyətlə qarşılanır”, – deyə DSX rəisinin müavini vurğulayıb.

Back to top button