“Elbit Systems” adı açıqlanmayan Avropa ölkəsinə YARS və PUA-lar tədarük edəcək
İsrailin “Elbit Systems” şirkəti adı açıqlanmayan Avropa ölkəsinə PULS (“Precise and Universal Launching Systems”) yaylım atəşli reaktiv sistemlər (YARS) və “Hermes 900” pilotsuz uçuş aparatları (PUA) tədarük edəcək.
“Poliqon” “Elbit Systems”ə istinadən xəbər verir ki, bunun üçün tərəflər arasında təqribən 335 milyon ABŞ dolları dəyərində müqavilələr imzalanıb.
Bildirilib ki, “Elbit Systems” şirkəti tərəfindən müqavilələr üç il altı ay müddətində həyata keçiriləcək.
Perspektivli PULS YARS “Elbit Systems”in müxtəlif, o cümlədən yüksək dəqiqlikli, idarə olunan reaktiv sursatlardan istifadə etmək imkanı olan 2 konteyneri yerləşdirən çoxməqsədli dəqiq universal buraxma sisteminin (Precise Universal Launching System) əsasında hazırlanıb.
PULS YARS buraxma qurğusuna aşağıda sadalan reaktiv mərmilər olan 2 konteyner yerləşdirilə bilər:
- 122 mm çaplı və 35 km-ə qədər uçuş mənzilli AccuLAR-122 – 18 ədəd;
- 160 mm çaplı və 40 km-ə qədər uçuş mənzilli AccuLAR-160 – 10 ədəd;
- 306 mm çaplı və 150 km-ə qədər uçuş mənzilli Extra – 4 ədəd;
- 370 mm çaplı və 300 km-ə qədər uçuş mənzilli Predator Hawk – 2 ədəd.
MALE (orta hündürlük və uzaq məsafə) sinifinə aid olan “Hermes 900” “Elbit Systems”in ən böyük pilotsuz uçuş aparatıdır. O, ISTAR (Intelligence, surveillance, target, acquisition and reconnaissance), yerüstü dəstək və dəniz patrul missiyalarını yerinə yetirmək üçün nəzərdə tutulub.
“Hermes-900” PUA-nın faydalı yükünə elektro-optik/infraqırmızı sensorlar, SAR radarı, radioelektron kəşfiyyat vasitələri, həmçinin radioelektron mübarizə və hiperspektral sensorlar daxildir. 9100 metr yüksəkliyə qalxa və havada 30 saata qədər fasiləsiz uçuş apara bilən PUA-nın faydalı yük daşımaq bacarığı 450 kq, qanad açıqlığı 15 metr, uzunluğu isə 8.3 metr təşkil edir.