Ermənistan K-11 snayperinin istehsalını dayandırır
Ermənistan K-11 markalı 5,45 mm çaplı snayper tüfəngi özünü doğrultmadığı üçün istehsaldan çıxarıb. “AzeriDefence”nin Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, buna səbəb silahın keyfiyyətinin aşağı olması və dəqiqliyinin az olması göstərilib.
Məlumata görə, 1996-cı ildə silahlanmaya qəbul edilmiş K-11 üzərində təkmilləşmələr aparılsa da dəqiq silah kimi qəbul edilməyib. Digər tərəfdən, əsas detalları Rusiyadan alınaraq Ermənistanda yığılması onun xarici idxaldan baha başa gəlməsinə səbəb olub.
“Kalaşnikov” avtomat tüfənginin (AK) bazasında hazırlanmış K-11 silahının darağı AK-da olduğu kimi 30 güllə tutur. Erməni mütəxəssisləri AK-nın qundaq hissəsini və zərbə-tətik mexanizmini dəyişərək K-11 snayperini yaradıblar.
Qeyd edək ki, Ermənistan “K” seriyalı 3 silah yaradılıb: K-11 adlı snayper tüfəngi, K-3 adlı avtomat və K-2 adlı tapança.