
Fransanın Müdafiə Satınalmaları Agentliyi (Direction générale de l’armement) “MBDA Systems” şirkətinin hazırladığı AKERON LP idarəolunan raketinin növbəti sınağını keçirib.
“Poliqon” MBDA Systems-ə istinadən xəbər verir ki, sınaq yerüstü buraxıcı qurğudan 6 km məsafədəki hərəkətdə olan dəniz hədəfinə qarşı aparılıb.
Bildirilib ki, əsas məqsəd AKERON LP proqramının yeni funksiyalarını ilk dəfə real uçuşda sınaqdan keçirmək olub. Bu çərçivədə, “Safran” tərəfindən hazırlanmış tuşlayıcı ilə yarı-aktiv lazerlə yönləndirmə sistemi yoxlanılıb. Eyni zamanda, “Thales Group” şirkətinin məlumat ötürmə sistemi vasitəsilə raketdən atıcıya görüntü ötürülməsi təmin edilib.
Raketin prototipi ətraf mühit məlumatlarını ölçən və bir neçə kritik funksional zəncir üzrə parametrləri qeydə alan avadanlıqla təchiz olunub.
Raket gözlənildiyi kimi fəaliyyət göstərib. Belə ki, lazerlə işarələnmiş hədəfə qarşı optimal son mərhələ yönləndirməsi təmin edilib və uçuş boyunca görüntünün ötürülməsinə imkan verən məlumat kanalı uğurla işləyib.
Ümumilikdə bu sınaq inkişaf proqramında mühüm mərhələ hesab olunur. Çünki sınaq yeni funksiyaların təsdiqlənməsi ilə yanaşı, artıq əldə olunmuş performans göstəricilərinin möhkəmləndirilməsinə və məhsulun yetkinlik səviyyəsinin nümayişinə imkan verib. Raketin əsas komponentləri yaxın zamanda sertifikatlaşdırma mərhələsinə daxil olacaq.




