“General Atomics” şirkəti 150 kilometr uçuş məsafəsinə malik döyüş sursatını nümayiş etdirib
“General Atomics” şirkəti 150 kilometrə qədər məsafədə hədəfləri vurmağa qadir olan 155 mm-lik haubitsalar üçün yüksək dəqiqliyə malik döyüş sursatı modelini təqdim edib.
“Poliqon” “General Atomics”ə istinadən xəbər verir ki, “Uzun mənzilli manevr mərmisi” (Long-range maneuvering projectile – LRMP) adlı artilleriya döyüş sursatı ABŞ-da keçirilən dəniz müdafiə texnologiyaları sərgisi “Sea Air Space 2023” nümayiş olunub.
Təqdim olunan modelin əsas xüsusiyyətləri yüksək məhvetmə dəqiqliyi, böyük fəaliyyət radiusu və son dərəcə yüksək manevr qabiliyyətidir.
Long-range maneuvering projectile nədir?
155 mm çaplı LRMP döyüş sursatı, silah lüləsindən çıxarkən mərminin fırlanmasını saniyədə 200 dövrdən 20 dövrə qədər azaldan altı qanaddan ibarət unikal quruluş sayəsində 150 kilometr atəş məsafəsinə çatır. Bu, uçuşu sabitləşdirməyə və qanadları açmağa imkan verir.
“General Atomics” şirkətinin vitse-prezidenti Qari Hopper sərgidə bildirib ki, LRMP bu diapazona ABŞ Ordusunun lülə uzunluğu 39 çap olan standart 155 mm-lik M777 haubitsasından istifadə etməklə nail ola bilər.
Maksimal məsafəyə atış üçün mərmi yüksək hündürlüyə çatmaqdan ötrü yüksək parabola üzrə atılır. Bundan sonra o, idarəedici qurğudan ayrılır, qanadlarını açır və göstərilən koordinatlara uyğun olaraq hədəfə doğru hərəkət edir.
Yeni sursat son uçuş hissəsində mürəkkəb manevrlər yerinə yetirmək qabiliyyətinə malikdir. Statik vəziyyətdə və hərəkət edərkən mürəkkəb hədəfləri dəqiq şəkildə tutmaq üçün kursu 360 dərəcə dəyişə bilir.
Aprel ayında şirkət LRMP mərmisinin ilk sınaq atışını keçirməyi planlaşdırır ki, bu da qanadların açılması mərhələsinin sınağını əhatə edir. LRMP döyüş sursatlarının kompleks sınaqları bu ilin sonuna planlaşdırılır.
LRMP döyüş sursatının 127 mm çaplı versiyası
“General Atomics” şirkətinin nümayəndələri həmçinin bildiriblər ki, şirkət perspektivli layihəni quruda və dənizdə hərəkət edən obyektlərə qarşı tətbiq etmək üçün 127 mm çaplı gəmi artilleriya qurğularına uyğunlaşdırmağı planlaşdırır. İstehsalçılar iddia edirlər ki, bu çaplı LRMP döyüş sursatı 100 kilometrə qədər məsafədəki hədəfləri vura biləcək.
Əhəd Əzizov