General-mayor Anar Kərimov: Mühəndis Qoşunları ən müasir texnika və avadanlıqlarla təchiz edilir – MÜSAHİBƏ

General-mayor Anar Kərimov: Mühəndis Qoşunları ən müasir texnika və avadanlıqlarla təchiz edilir – MÜSAHİBƏ

Mühəndis Qoşunlarının əlavə mühəndis-istehkam və əldəqayırma partlayıcı maddələrlə mübarizə bölmələri yaradılıb

Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsi istiqamətində görülən işlər özünü Azərbaycan Ordusunun Mühəndis Qoşunlarında da göstərir. Son illər baza olaraq tamamilə yenilənən Mühəndis Qoşunları yeni döyüş texnikaları və xidmətin təşkilində zəruri olan müasir avadanlıqlarla təchiz edilib. Müşahidələrimiz göstərir ki, Mühəndis Qoşunlarının hissə və bölmələri bu gün ən müasir mühəndis texnikaları, həmçinin gərəkli olan mühəndis silahlandırma vasitələri ilə təmin olunub. Bununla yanaşı Mühəndis Qoşunlarının tərkibi genişləndirilir, bütün birliklərdə qoşunların yeni bazaları, yeni hərbi şəhərcikləri açılır.

Son illərdə Mühəndis Qoşunlarının inventarına qəbul edilən texnikalar arasında, qarşıya qoyulan vəzifələrin qısa zamanda və keyfiyyətli icra edilməsində mühüm rola malik MEMATT mexaniki minatəmizləmə maşınları, PP-91 ponton körpüləri, MTU-90 tank körpüquranları, İMR-3M mühəndis-istehkam maşınları, habelə üzən transportyorları, zirehli buldozerləri, minalı sahələrdən keçidaçma və ərazidə mina maneələri qurma sistemləri, yeni mina detektorları və s. göstərmək olar.

“Poliqon” saytının məlumatına görə, Müdafiə Nazirliyinin Mühəndis Qoşunları Baş İdarəsinin rəisi, general-mayor Anar Kərimov POLİQON jurnalına müsahibəsində Mühəndis Qoşunlarında Vətən müharibəsindən sonra görülən işlərdən danışıb.

POLİQON: Cənab general-mayor, Vətən müharibəsindən sonra, Müdafiə Nazirliyinin Mühəndis Qoşunlarında struktur dəyişiklikləri oldu. Bununla yanaşı inventarın müasir texnika və avadanlıqlar hesabına yenilənməsi müşahidə olunur. Bu barədə oxucularımıza nələri deyə bilərsiniz?

General-mayor Anar Kərimov: 44 günlük Vətən müharibəsindən dərhal sonra Ali Baş Komandan tərəfindən verilən göstəriş əsasında Mühəndis Qoşunlarının ştat cədvəlində dəyişiklik edilərək əlavə mühəndis-istehkam bölmələri yaradıldı. Onlardan biri xüsusi minatəmizləmə-istehkam böməsidir. Bu gün həmin bölmələr artıq işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi üçün fəaliyyətə cəlb olunublar və aktiv şəkildə minatəmizləmə əməliyyatında iştirak edirlər.

Əlbəttə ki, bundan sonra istər qardaş Türkiyədən, istərsə də digər ölkələrdən Mühəndis Qoşunlarına lazım olan ən müasir avadanlıq və vasitələr alınaraq ölkəyə gətirilmişdir. Bunlardan 20 ədəd mexaniki minatəmizləmə maşınını xüsusi vurğulamaq istəyirəm. Bundan sonra böyük sayda ən müasir mina axtaranlar, mina detektorları, istehkamçılar üçün lazım olan xüsusi geyimlər, qoruyucu kostyumlar, mina əleyhinə botlar, eləcə də lazım olan avadanlıqlar, istehkamçının əl alətləri alınaraq gətirilibdir.

Mühəndis Qoşunları üçün xüsusi olaraq ANAMA-da akkreditasiya keçirilmiş xidməti itlərin hazırlanması və onların artıq bölmələrlə birlikdə fəaliyyət göstərməsi icra olunur. Mühəndis Qoşunları daha müasir, daha çevik, tapşırıqları daha tez yerinə yetirəcək qoşun növü halına gəlmişdir.

POLİQON: Cənab general-mayor, MEMATT mexaniki minatəmizləmə maşınından bəhs etdiniz. Bunların minatəmizləmə-istehkam bölmələrinin təhlükəsizliyi baxımından və ərazilərin daha tez təmizlənməsində üstün imkanları barəsində fikirlərinizi bimək istərdik.

General-mayor Anar Kərimov: Əlbəttə ki, bu maşınların məsafədən idarə olunması dedikdə, biz bir neçə kilometr məsafədən idarə etmək imkanı olan texnikadan danışırıq. Daha təhlükəli ərazilərdə, həm həmin ərazilərin ilkin olaraq kəşfiyyatının aparılması üçün, həm də lazım olanda tam təmizlənməsi üçün həmin texnikalardan geniş şəkildə istifadə olunur. Bu isə insan faktorunu aradan qaldıraraq təhlükəsizlik məsələlərində böyük töhfə verməkdədir.

POLİQON: Vətən müharibəsində hücum edən qüvvələr üçün düşmənin maneələr zolağında keçid yollarının açılması Mühəndis Qoşunlarının üzərinə düşürdü. Mühəndis Qoşunları bu vəzifələri necə icra edirdi?

General-mayor Anar Kərimov: Mühəndis Qoşunları istər Vətən müharibəsi dövründə, istərsə də ondan sonra antiterror əməliyyatları zamanı öz qarşısında duran tapşırıqları ən yüksək səviyyədə yerinə yetirib. Bunu tam məsuliyyətlə, qürurla, fəxrlə deyirik ki, Mühəndis Qoşunları üzərinə düşən, bölmələrin hərəkət qabiliyyətini artırma tapşırığını layiqincə və ən yüksək səviyyədə icra edib.

Bundan başqa, əlbəttə ki, bu fəaliyyətin içində həm keçid açma, həm də yolların salınması var. Bizim üçün qürurvericidir ki, “Zəfər yolu”nun açılması və Şuşanın alınması zamanı Mühəndis Qoşunlarının misilsiz xidməti olub. Yerinə yetirilən tapşırıqların nəticəsi də qələbəyə gedib çatmağımız olub.

POLİQON: Sizin də qeyd etdiyiniz kimi, XXI əsrin müharibəsini aparan Azərbaycanın döyüş təcrübəsi və taktikası bu gün dünyanın inkişaf etmiş ölkələrinin hərbi məktəblərində öyrənilir… Müasir müharibələrdə mühəndis-istehkam bölmələrinin qarşısında yeni təhdidlərlə mübarizə aparmaq tələbləri durur. Bunlardan biri düşmənin əldəqayırma partlayıcı qurğulardan (ƏPQ) istifadə etməsidir…

General-mayor Anar Kərimov: Bunun üçün Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının tərkibində ayrıca olaraq əldəqayırma partlayıcı maddələrlə mübarizə bölməsi yaradılıb. Yəni istehkam bölmələrinin funksiyaları da artıq bölünübdür ki, bu, dediyiniz məsələləri əks etdirən bir nəticədir. Həmin bölmə xüsusi olaraq hazırlanır və onun avadanlıq və təchizatı digər istehkam bölmələrindən bir az fərqlənir. O bölmələrin fəaliyyəti, döyüş hazırlığı xüsusi proqramla hazırlanır. Bu, dünyada da belədir. Qeyd etdiyim kimi, bizdə də artıq belə bir bölmə mövcuddur. Əldəqayırma partlayıcı maddələrlə mübarizə bölməsinin avadanlığı da ayrıdır, onun döyüş hazırlığı proqramı fərqlidir və lazım olan yerdə həmin bölmənin istifadəsi mümkündür.

POLİQON: Vətən müharibəsində mühəndis-istehkam bölmələrinin fəaliyyətinə, onların gördüyü işlərə qismən toxundunuz. Bu məsələnin üzərində bir az daha geniş dayanmaq istərdim. Vətən müharibəsində Mühəndis Qoşunlarının rolu və döyüşlərdə qazandığı praktiki təcrübə barədə nələri söyləyə bilərsiniz?

General-mayor Anar Kərimov: Əlbəttə ki, hər bir müharibə eyni zamanda bir təcrübədir. Xüsusilə, bu, Vətən torpaqlarının işğaldan azad edilməsi üçün aparılan mübarizədir. Ordumuz, mühəndis-istehkam bölmələrimiz də bu müharibədə böyük bir təcrübə toplayıb, düşmənin fəaliyyət xarakterini incələyib. Biz buna uyğun olaraq döyüş hazırlığımızı planlaşdırırıq, müəyyən korrektələr və dəyişikliklər edirik. Bu, davamedici və durmayan prosesdir.

Bundan başqa, dünya praktikası var. Dünyada baş verən proseslər var ki, burada Mühəndis Qoşunlarının etdiyi fəaliyyətləri və onlara qarşı görülən tədbirləri incələyirik. Ona görə də, daim bunlar nəzərə alınaraq və təhlil edilərək döyüş hazırlığında lazım olan dəyişikliklər, korrektələr aparılır.

POLİQON: Cənab general-mayor, mümkünsə biraz da Mühəndis Qoşunlarının kadr təminatından danışardınız. Maddi-texniki bazasının gücləndirilməsi və kadr təminatı barədə fikirləriniz bilmək bizim üçün maraqlı olardı.

General-mayor Anar Kərimov: Mühəndis Qoşunlarının kadr təminatı da çoxsahəli məsələdir. Burada, xüsusilə də bizim minatəmizləmə bölmələrimizin daha professional səviyyəyə çatdırılması əsas prioritetlərdən biridir. Bu nədir? Bu, daha çox müddətdən artıq hərbi qulluqçuların həmin işə cəlb edilməsi və artıq peşəkar əsgər yetişdirərək onların uzun müddətdə xidmətdə olmasıdır ki, bu da işin ümumi nəticəsinə böyük təsir göstərir. Yəni daha professional platformaya keçmə hədəfimiz var. Bunun üçün müəyyən konsepsiyalar işlənib hazırlanır. Bütün orduda olduğu kimi, bizdə də beş ildən sonra Mühəndis Qoşunlarını necə görmək istəyirik, 10 ildən sonra Mühəndis Qoşunları hansı səviyyəyə çatmalıdır deyə konsepsiya var. Buna yönəlik olaraq da həm döyüş hazırlığı, həm də təchizat məsələləri ortaya qoyularaq inkişafımızı davam etdiririk. Nəticədə artıq son üç il ərzində böyük bir dəyişiklik var. İnanıram ki, yaxın gələcəkdə də bu, artan dinamika ilə davam edəcək.

POLİQON: Vətən müharibəsindən sonra Mühəndis Qoşunlarının üzərinə düşən vəzifələr daha da artdı. Bunlardan biri də işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsidir. Bu proses necə həyata keçirilir?  

General-mayor Anar Kərimov: Dediyim kimi, bunun üçün həm xüsusi bölmələr, həm istehkam bölmələri yaradıldı. Bundan başqa, sözügedən işdə Mühəndis Qoşunları tək deyil. Bu iş ümumi konsepsiya əsasında aparılır və konkret olaraq il ərzində bizə ayrılan ərazilər keyfiyyət yoxlamasından keçirilərək aidiyyəti üzrə qurumlara təhvil verilir. Bu, çox məsuliyyətli, xüsusi diqqət tələb edən bir fəaliyyət olduğu üçün, habelə avadanlıq, təchizat və bölmələrin hazırlığı da yerində olduğu üçün itkisiz və planlı şəkildə davam etdirilir.

POLİQON: İşğaldan azad olunmuş ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi əməliyyatlarında son nəticələr barədə nələr deyə bilərsiniz?

General-mayor Anar Kərimov: Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində azad edilmiş ərazilərdə cari ilin dekabr ayının 1-dən 12-dək olan müddət ərzində 134 hektaradək ərazi mina və partlamamış döyüş sursatlarından tam təmizlənib. Təxliyə yollarının daim işlək vəziyyətdə saxlanılması, avtomobil və döyüş texnikası kolonlarının təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə eyni müddət ərzində ümumilikdə 1069 metr yol qar örtüyündən təmizlənib, 260 metr yeni təminat yolları mühəndis-istehkam bölmələri tərəfindən çəkilib.

Azad edilmiş ərazilərdə 2023-cü il ərzində mühəndis-istehkam bölmələri tərəfindən 6863 hektaradək ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib. Ümumilikdə 234 ədəd piyada əleyhinə, 706 ədəd tank əleyhinə mina və 1405 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib. Bundan başqa, 1730 metrədək yol qar örtüyündən təmizlənib, 13660 metr yeni təminat yolları çəkilib.

Mühəndis Qoşunlarının bölmələri tərəfindən Qarabağ ərazisində aşkarlanan çoxlu sayda döyüş sursatlarının Ağdərə rayonundakı “Gödəkburun” təlim mərkəzində məhv edilməsi prosesi aparılır. Onların arasında külli miqdarda partlayıcı maddələr və minalar var. Ermənistan istehsalı olan minaları xüsusi olaraq vurğulamaq istəyirəm. Ermənistan istehsalı olan, xüsusilə piyada əleyhinə minalar, müxtəlif tipli əldə hazırlanmış partlayıcı atımlar, partlatma vasitələri aşkar edilmişdir və poliqonda mərhələli şəkildə Mühəndis Qoşunlarının bölmələri tərəfindən həm partlayış üsulu ilə, həm yandırma üsulu ilə zərərsizləşdirilməsi prosesi aparılır.

POLİQON: Cənab general-mayor, düşmən tərəfindən ərazilərin minalamasında standartlara əməl olunmadığı məlumdur. Belə olan halda Mühəndis Qoşunlarının bölmələri hansı çətinliklərlə rastlaşır?

General-mayor Anar Kərimov: Ümumiyyətlə, minatəmizləmə fəaliyyəti mürəkkəb və çətin bir prosesdir. Mühəndis Qoşunlarının bölmələri bunun üçün tam hazırlanıb. Mən Mühəndis Qoşunlarının fəaliyyətindən danışıram, amma bildiyiniz kimi, minatəmizləmə əməliyyatları ANAMA-nın ümumi rəhbərliyi ilə bir çox qurum tərəfindən həyata keçirilir.

Ərazilərin bir qismi həddən çox çirklənib. Burada həm mina sahələrindən, həm də partlamamış döyüş sursatlarından söhbət gedir. Minatəmizləmə zamanı müxtəlif vasitələrdən istifadə edirik. Bunun üçün Azərbaycan Ordusunun, yuxarıda da qeyd etdiyim kimi, qardaş Türkiyədən aldığı 20 ədəd MEMATT mexaniki minatəmizləmə maşınından istifadə olunur. Eyni zamanda minaaxtaran itlərdən də istifadə olunur. Qısa olaraq bildirmək istəyirəm ki, avadanlıqlarımız artıq müasirləşdirilib və əlimizdə dünyanın ən aparıcı avadanlığı var.

Minatəmizləmə zamanı əvvəlcə ərazinin ilkin kəşfiyyatı, bundan sonra ərazi vəziyyətinin dəqiq qiymətləndirilməsi aparılır. Daha sonra qərar verilir ki, hansı üsul və vasitə ilə bu ərazilərin təmizlənməsi aparılmalıdır. Burada artıq beynəlxalq – dünya standartı səviyyəsində minatəmizləmədən söhbət gedir. Eyni zamanda sonradan bunun keyfiyyət yoxlanması həyata keçirilir və artıq həmin əraziyə doğrudan da təmizlənməsi ilə bağlı hüquqi şəkildə qiymət verilir.

POLİQON: Mühəndis Qoşunlarının hazırda önəm verdiyi və icrasını həyata keçirdiyi fəaliyyətləri nədən ibarətdir?

General-mayor Anar Kərimov: Ərazilərimizin işğaldan azad olunması nəticəsində dövlət sərhədinin tam təhlükəsizliyini bərpa etmişik. Buna aid və lazım olan mühəndis təminatı tapşırıqları böyük sayda yerinə yetirilib. Bilirsiniz ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə dövlət sərhədi boyunca lazım olan istiqamətlərdə min kilometrdən artıq yollar çəkilib. Həmin yolların bu gün istər qış vaxtı olsun, istərsə də digər mövsümlərdə olsun açıq saxlanması şərtdir. Bu da mühəndis təminatı tapşırıqlarının əsas vəzifələrindən biridir.

Bundan başqa, digər vəzifələr sərhəd boyu tərtiblənmə yerlərində bölmələrimizin fortifikasiya işləri və mühəndis təminatı tapşırıqlarıdır ki, bunların da icrası çox uğurlu şəkildə həyata keçirilir. Daha dayanıqlı şəkildə dövlət sərhədinin qorunması üçün bölmələrimiz tərəfindən lazım olan qurğuların hazırlanması prosesi aparılır və buna Mühəndis Qoşunları Baş idarəsi tərəfindən ciddi nəzarət olunur. Digər məsələlər ərazilərin minalardan, partlamamış döyüş sursatlarından təmizlənməsidir ki, burada məskunlaşma məsələləri çox vacibdir. Belə ki, həm bölmələrimizin özünün yerləşdiyi ərazilərin yoxlanılması aparılır, həm də tələbdən irəli gələn digər mühəndis təminatı tapşırıqları il boyunca yerinə yetirilir.

POLİQON: Mühəndis Qoşunlarının vəzifələrindən söz düşmüşkən, mümkünsə oxucularımıza bu haqda daha ətraflı məlumat verərdiniz. Mühəndis Qoşunlarının qarşısında duran vəzifələr və tapşırıqlar nələrdir?

General-mayor Anar Kərimov: Mühəndis Qoşunlarının qarşısında duran əsas vəzifələri ərazilərin minalardan, partlamamış döyüş sursatlarından təmizlənməsi, qoşunların hərəkət qabiliyyətinin artırılması üçün lazım olan tədbirlərin görülməsi, ehtiyac olarsa, düşmənin hərəkət qabiliyyətinin əngəllənməsi üçün tapşırıqların yerinə yetirilməsidir. Həmçinin Mühəndis Qoşunlarının tapşırıqlarından biri də, lazım olan yerlərdə idarəetmə məntəqələrinin, fortifikasiya qurğularının daha ixtisaslaşmış şəkildə hazırlanmasıdır və digər ümumi istehkamçılıq tapşırıqlarının icrasıdır.

CATEGORIES
TAGS