Gürcülərin 1918-ci ildə Azərbaycana qarşı işğal planları və Osmanlı ordusuna qarşı təxribatları

Gürcülərin 1918-ci ildə Azərbaycana qarşı işğal planları və Osmanlı ordusuna qarşı təxribatları

Azərbaycan tarix boyu qonşu dövlətlərə və xalqlara qarşı dostluq münasibətləri sərgiləsə də demək olar ki, heç vaxt bunun qarşılığını görməyib. Əksinə, dar günündə yanında olduğu qonşuları imkan yarandıqda Azərbaycandan nə isə qoparmağa, xalqımıza qarşı soyqırımlar, etnik ayrı-seçkilik etməyə çalışıblar. Bunu onlarla, yüzlərlə misallar çəkməklə göstərmək olar. Son illər Gürcüstandakı müəyyən dairələrin imkan yarandıqda Azərbaycana qarşı ərazi iddiaları səsləndirmələri də bunun bariz nümunəsidir.

Azərbaycan Xalq Cümhuriyyətinin qonşu Gürcüstana qarşı sərgilədiyi dost mövqeyinə və verdiyi dəstəyə, eləcə də Gəncə və Qarabağda mövcudluğunu saxlayan AXC ordusunun zabitləri ilə 2020-ci ilin may ayında əldə olunmuş razılıqlara baxmayaraq, gürcülərin yardımdan və birgə əməliyyatdan birtərəfli qaydada imtina etmələri Gəncə və Qarabağ üsyanlarının bolşeviklər tərəfindən boğulmasına və minlərlə soydaşımızın qətlə yetirilməsinə səbəb olmuşdur. Bu, sonucda Azərbaycanda möhkəmlənən bolşeviklərin Gürcüstanı işğal etməsinə də gətirib çıxardı.

Bu yazımızda gürcülərin 1918-1920-ci illərdə müstəqillik mücadiləsi aparan Azərbaycana qarşı planları və köməyə gələn Osmanlı ordusuna yartdıqları problemlərdən bəhs etməyə alışacağıq.

“Azeri Defence” 1918-ci ildə Azərbaycana köməyə gələn Osmanlı Ordusunun (Qafqaz İslam Ordusunun) yüksək rütbəli zabitlərinin Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının arxivlərində saxlanan məruzələri və dərc edilmiş xatirələrindən bəzi maraqlı məqamları təqdim edir.

5-ci Qafqaz diviziyasının qərargah rəisi olmuş polkovnik-leytenant Rüştü Türker “Birinci Dünya Hərbində Bakı yollarında – 5-ci Qafqaz diviziyası” kitabında gürcülərin Azərbaycan və türklərə qarşı münasibətlərinə dair bzi maraqlı faktlar yer alır.

Müəllif 25 may 1918-ci il tarixində Gəncəyə gələn Qafqaz İslam Ordusunun (QİO) komandanı Nuri Paşa 3-cü Ordu Komandanına göndərdiyi məruzəyə kitabda yer verir. Nuri Paşa ilk məruzəsində bildirirdi:

“Osmanlı birliklərinin Gəncəni ələ keçirəcəyini və Bakını bolşeviklərdən təmizləyəcəyini qeyri-rəsmi bir şəkildə yayıldığını öyrəndim. Bu məsələdə bəzi məlumatları verməyi uyğun görürəm. Milli Ordu adıyla Gəncədə yaradılan korpusun heyəti 600 nəfərdir. Mövcudun bir qismini Osmanlı əsirləri təşkil edir. 250-yə qədəri zabit, 23-ü müsəlman, qalanı rusdur. Bakıya qarşı (bolşevikləri nəzərdə tutur – red.) Kürdəmir stansiyasında 400-ə qədər əsgər var. Cəbhə komandanı knyaz Maqalov adlı gürcü polkovnikdir. Gürcülər indiyədək cəbhədən 300-dək əsgərini Tiflisə çəkiblər”.

QİO qərargah rəisi, polkovnik-leytenant Mehmet Nazim 15 iyun 1918-ci ildə vurduğu teleqrafda bildirirdi: “Müsüslüdəki rus və gürcü teleqrafçılar bu gecə qaçıblar”.

Rüştü Türker bu teleqrafı da öz kitabında qeyd edərək xatirələrində yazır: “Müsəlman Türk Azərbaycan Cümhuriyyətinin müdafiəsi öz əsgərinə, öz övladına düşən soylu və müqəddəs vəzifədir. Vətəninə və millətinə bağlı olan azərbaycanlı türk qanını ancaq sevgili milləti və vətəni üçün axıda bilər. Gürcülər və ruslar isə durumun ciddiliyini və təhlükəni görüncə, həmən aradan çıxmaq üçün yol axtarırlar. Yarbay Nazimin komandanlığı öz üzərinə götürməsi knyaz Meqalovu və zabitlərini qane etmədi”.

QİO komandanı Nuri Paşanın 3-cü Ordu komandanına şifrəli teleqrafından:

“… Gürcülər əlimizdəki dəmir yolundan istifadə etməyimiz üçün tələb olunan məhsulları vermirlər. Azəbaycan Hökuməti ilə bərabər bölünməsi gərəkən vaqonlardan Tiflisdə 5000-dən çox olduğu halda Azərbaycanda ancaq 150 ədəd var. Ayrıca, gürcülər bir qədər alman qüvvələrinin iştirkı ilə Sadaxlı istiqamətindən cənuba doğru irəliləyərək, müqavimət göstərən müsəlmanlarla döyüşür və kəndləri yandırırlar. Gürcülərin cənuba doğru bu hərəkətlərindəki məqsədin Azərbaycan Hökuməti ilə Osmanlı Dövləti arasındakı birbaşa bağlantını kəsməyə yönəldiyi anlaşılır. İrəlidə çox böyük zərərlərin görəcəyimiz gürcülərin bu hərəkətinə qarşı tədbirlər alınmalıdır”.

Eyni gün yazılan digər teleqrafda “Borçalı qəzasını istila etməkdə olan gürcü və almanların tamamilə müsəlman olan Qazax və Zaqatala qəzalarını da işğala təşəbbüs etmələri ehtimalı olduğundan, buna mane olmaq üçün Poylu körpüsü daxil, cənuba doğru bütün stansiyaların Osmanlı qüvvələrinin nəzarətinə götürüldüyü” bildirilib.

Rüştü Türker yazır ki, almanlar gürcülərin vasitəsi ilə Batum-Tiflis-Gəncə dəmir yolundan Osmanlı ordusunun əsgərlərinin və ləvazimatların daşınmasına mane olurdular. Türker kitabında 5-ci Qafqaz piyada divizyasının 26-cı taborunun komandirinin vurduğu teleqramı da paylaşıb: “Sadaxlı kəndi və stansiyası gürcülər tərəfindən işğal edilmiş, ətraf kəndlər təslim olmuşdur. Müsəlmanlar və gürcülər arasında qarşıdurmalar davam edir. 14 iyunda piyadalar və pulemyot yüklü 30 vaqonlu 4 qatar, cənub istiqamətindən hərəkət edib Sadaxlı istiqamətində irəliləyən diviziyaya aid 40 araba gürcülər tərəfindən stansiyada saxlanılıb. Əşya və digər avadanlıqlar müsadirə olunub. Bu arabalarla gələn əsgərlərin silahları və pulları alınıb. Qalacadan başlayaraq yollar kəsilib, xalq və əsgərlərin keçməsinə yol verilmir”.

Osmanlı dövlətinin ikinci hərbi yardım çərçivəsində Azərbaycana göndərdiyi 15-ci Qafqaz piyada diviziyasının komandiri Süleyman İzzət Yeğin isə “Birinci Dünya Hərbində, Azərbaycan və Dağıstan müharibələrində 15-ci piyada diviziyası” kitabında gürcülərin Azərbaycana və Dağıstana köməyə gedən türk qüvvələrinə maneçiliklər yaratdıqlarını bir neçə yerdə qeyd edir. Həmçinin gürcülərin bu adddımlarının məqsədlərini açıqlayır:

“Gürcülər Qarakilsədən etibarən dəmir yolundan istifadə etməyimizə əngəl yaradırdılar…1-ci ordu korpusunun komandanı polkovik Kazım Karabəkirlə qərargahında görüşərkən mənə almanca bir xəritə göstərdi. Bu xəritədə almanların planı əksini tapmışdı. Belə ki, bu plana görə, almanların Rumıniyada uğur əldə etdikdən sonra Odessa və Kırım üzərindən Potiyə gələcəkləri, buradan da Bakıya keçib, Xəzər dənizini aşaraq şərqə doğru genişlənmək istədikləri qırmızı cizgilərlə göstərilirdi. Bizim ordu üçün də Sarıkamış, Eçmiədzin və Urmiya üzərindən cənuba doğru hərəkət istiqaməti vardı. Bunun üçün Batum-Bakı və Gümrü-Bakı dəmiryolları gürcülər tərəfindən birliklərimizə qarşı qapadılmışdı. Şübhəsiz ki bu işdə almanların barmağı vardı. Çünki Azərbaycanın, özəlliklə Bakının zəngin qaynaqlarını əllərinə keçirmək və burada Şimali Qafqazın bir qismi daxil olmaq üzərə böyük bir Gürcü hökuməti qurmaq məqsədi daşıyırdılar”.

Süleyman İzzət Paşa Gürcüstandakı türk hərbi heyətinin rəhbəri Abdulkərim Öpelim Paşa ilə söhbətindən bəzi maraqlı məqamları qeyd edir.

“…Burada hökumət də daxil olmaqla, hər kəs türklərin əleyhinədir, hətta türk olanlar belə. Keçənlərdə türkcə “Gələcək” adlı qəzet çıxdı. Bizim haqqımızda çox pis şeylər yazdı. Bir gürcü qəzeti çıxdı. Bizlərə lənət oxudu və azərbaycanlılara hücum etdi. Gürcüstan hökuməti məni və özüsusilə hərbi heyətimi heç tanımır”- deyə Abdulkərim Paşa divizya komandirinə vəziyyəti izah edərkən deyib.

“Gerçəkdən gürcülər türklərə qarşı çox tərbiyyəsizliklər edirdilər. Yollarda qadınlar yumruqlarını bir birinə vuraraq “ingilislər gəlir, ingilislər gəlir” deyə bağırırdılar”, – deyə vəziyyəti təsvir edən Süleyman İzzət Paşa gürcülərin stansiyalarda keçidə yol vermədiklərini, açıq şəkildə mazut, yanacaq və rüşvət tələb etdiklərini yazır: “Gürcülər ən kiçiyindən ən böyüyünə qədər qədər bizə düşmən kəsilmişdi və əllərindən gələn hər cür çətinliyi, problemi yaradırdılar. Bunları görür və Batum, Axalkələk və Axısxanı tutan müzəffər ordumuzun niyə Tiflis üzərinə getmədiyinə heyrət edirəm. Diviziyam o zaman Batumda toplanırdı. Zatən birliklərimiz Özerketi ələ keçirmişdilər. Kiçik bir təşəbbüs daha göstərilsəydi Batum, Poti dəmir yolunun birləşdiyi Samzedi və bu vasitəylə Kutaisi əldə edilə və Poti limanından yararlanmış olurduq”.

CATEGORIES
TAGS