“Gürz” hibrid HHM sisteminin ilk atışları yerinə yetirilib
Hazırda “Gürz” hibrid HHM sisteminin Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil edilməsi istiqamətində işlər davam etdirilir.
“Poliqon” xəbər verir ki, bunu WDS-2024 sərgisində “Defence Türk”ə açıqlaması zamanı ASELSAN şirkətinin baş direktoru Ahmet Akyol deyib.
O, ASELSAN-ın PUA-lar üçün faydalı yük təmin edən əhəmiyyətli şirkətlərdən biri olduğunu bildirib: “Burada ASELFLIR-500 və ASELFLIR-600-ü sərgiləyirik. Analoqlarından qat-qat yaxşı performansa malik bu kameraların Səudiyyə Ərəbistanındakı istifadəçilərə tədarük edilməsi üzərində işləyirik. Bu sərgidə tuşlama dəstlərimizi və sursatlarımızı da nümayiş etdiririk. TOLUN və bu il atışı yerinə yetiriləcək TOLUN-IIR miniatür bombalarını da burada sərgiləyirik. GÖZDE, LGK və HGK tuşlama dəstlərimiz bu sərgidə yer alır. Bunlar PUA-ların faydalı yükləri baxımından vacib məsələlərdir”.
ASELSAN-ın hazırladığı MURAD AESA radarından danışıan A.Akyol vurğulayıb ki, bu radar Türkiyə Silahlı Qüvvələrinin həm PUA-larına, həm də döyüş təyyarələrinə inteqrasiya olunur: “Cari ay ərzində AESA radarımızın uçuşu olacaq. Planlarımız belədir”.
ASELSAN-ın baş direktoru elektron müharibə sistemlərinin əhəmiyyətindən bəhs edib. Onun sözlərinə görə, ASELSAN elektron müharibə sistemlərində tranzistordan çipə qədər hər bir detalı özü hazırlayır.
Şirkət fəaliyyətində hava hücumundan müdafiənin mühüm yer tutduğunu söyləyən Ahmet Akyol bildirib ki, ASELSAN “Gürz” hibrid HHM sistemini Türkiyədə keçirilmiş IDEF’23 sərgisindən sonra ölkə xaricində ilk dəfə WDS-2024-də nümayiş etdirib: “Buraya şəxsən sistemin özünü gətirdik. KORKUT-dan SİPER-ə kimi bütün məhsullarımızı son istifadəçilərə təqdim etdik”.
ASELSAN-ın baş direktoru “Gürz” hibrid HHM sistemi haqqında ətraflı məlumat verib: ““Gürz” konsepsiyasında bir neçə qabiliyyəti bir araya gətiririk. “Korkut” sistemimiz inventardadır. “Hisar” sistemimiz var. “Roketsan” tərəfindən hazırlanmış “Sungur” var. “Gürz”ün əsas məqsəd mobil olmasıdır. O, yaxın hava müdafiəsini “Korkut” kimi 35 mm-lik döyüş sursatı ilə təmin edir. Üzərindəki “Sungur”, “Hisar”, “Bozdoğan”və “Gökdoğan” raketləri ilə bir sıra bacarıqları eyni sistemdə mobil olaraq təqdim edirik.
“Gürz”də elektron qarışdırma sistemi də var. Çox inkişaf etmiş axtarış radarımız var. Həmçinin atəşə nəzarət radarı, atəşi idarəetmə sistemi, lazer məsafəölçən, dost/düşmən tanıma sistemlərimiz var. “Gürz”, ağıllı alqoritmlə fərqli hədəflərə qarşı ən təsirli silahı seçən və yaxın məsafədən kilidlənməni həyata keçirə bilən sistemdir. “Gürz”ün ilk atışları yerinə yetirilib. Hazırda onun Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil edilməsi istiqamətində işlər davam etdirilir. Biz “Gürz”ü bir neçə il ərzində ordumuzun inventarına qazandıracağıq”.