“Hürjet” təyyarəsi üçün ABŞ-dan sifariş edilən F404 mühərrikinin sayı açıqlanıb

“Hürjet” təyyarəsi üçün ABŞ-dan sifariş edilən F404 mühərrikinin sayı açıqlanıb

Türkiyənin TUSAŞ şirkəti “Hürjet” təlim-döyüş təyyarəsi üçün ABŞ-ın “General Electric” (GE) şirkətinə 100 ədəd F404 mühərriki sifariş edib.

“Poliqon” xəbər verir ki, bunu TUSAŞ şirkətinin baş direktoru Temel Kotil açıqlayıb.

ABŞ-ın “General Electric” şirkəti tərəfindən istehsal olunan F404, özünü kifayət qədər sübut etmiş reaktiv mühərrikdir. İndiyə kimi ondan (“Hürjet”dən əlavə) Cənubi Koreyanın T-50 (TA-50/FA-50), Hindistanın “HAL Tejas” və ABŞ-ın F/A-18 “Super Hornet” ilə T-7A “Red Hawk” (T-7A hazırlanma mərhələsindədir) qırıcılarında istifadə edilib.

Bu günə qədər şirkət tərəfindən müştərilərə 4000-dən çox F404 mühhəriki çatdırılıb ki, onlardan da 13 milyondan artıq mühərrik uçuş saatı əldə olunub. Hazırda dünyanın 16 ölkəsi tərəfindən F404 mühərrikli təyyarələr ya istismar olunur, ya da sifariş edilib.

Bir sıra variantı olan bu mühərrikin, F404-GE-103 versiyası təlim təyyarələrində istifadə edilmək üçün nəzərdə tutulub. İstehsalçının sözlərinə görə, mühərrikin istifadəçiyə təmin etdiyi üstün cəhətlər sırasında yüksək performans, asan texniki xidmət və aşağı istismar xərcləri dayanır.

Qeyd edək ki, TUSAŞ şirkəti cari ilin yanvar ayının 30-da “Hürjet” təlim təyyarəsini anqardan çıxararaq ilk dəfə mühərrrikini işə salıb. Onun ilk uçuşu isə aprelin 25-də baş tutub. Həmin vaxt 26 dəqiqə havada qalan “Hürjet”, 14000 ft (4.2 km) yüksəkliyə qalxıb və 250 knot hava sürətinə çatıb. Təyyarənin indiyə kimi 10-dan artıq sınaq uçuşu həyata keçirilib və bu müddət ərzində 6 saatdan çox havada qalıb.

Türkiyənin Müdafiə Sənayesi Başqanlığı (SSB) tərəfindən başladılan layihə əsasında hazırlanan “Hürjet” təlim təyyarəsi Hərbi Hava Qüvvələrinə (HHQ) 4-cü və 5-ci nəsil döyüş təyyarəsi pilotlarının hazırlanmasında kömək edəcək. Bundan başqa təyyarə hücum əməliyyatlarının yerinə yetirilməsi üçün döyüş bacarıqlarına da sahib olacaq.

Xatırladaq ki, Türkiyənin sabiq Müdafiə Sənayesi (SSB) başqanı İsmayıl Dəmir 2021-ci ilin martında verdiyi açıqlamada TUSAŞ şirkəti tərəfindən “Hürjet”in vertikal qalxma və enmə (VTOL) xüsusiyyətlərinə sahib olması və “TCG Anadolu” amfibiya hücum gəmisində istifadə edilə bilməsi üçün üzərində işlərin görüldüyünü bildirib.

Poliqon.az

CATEGORIES
TAGS