İlk C-130J-30 nəqliyyat təyyarəsi İndoneziya HHQ-yə təhvil verilib
ABŞ-ın “Lockheed Martin” şirkəti İndoneziya Hərbi Hava Qüvvələrinə (HHQ) ilk C-130J-30 “Super Hercules” hərbi nəqliyyat təyyarəsini təhvil verib.
“Poliqon” xəbər verir ki, bu barədə “Lockheed Martin” şirkəti məlumat yayıb.
Məlumatda yeni C-130J-30 nəqliyyat təyyarələrinin İndoneziya HHQ-yə daha çox yük daşımaq bacarığı, güc və performans imkanları təmin edəcəyi bildirilib.
İndoneziya 1960-cı illərdən bəri C-130 nəqliyyat təyyarələrinin aktiv istifadəçisidir. Ölkə bu təyyarələrdən həm hərbi və sülhməramlı əməliyyatların yerinə yetirilməsində, həm də təbii fəlakət zamanı lazımi bölgələrə humanitar yardımların daşınmasında istifadə edir.
Qeyd edək ki, C-130 təyyarəsi ilk uçuşunu 1954-cü ildə yerinə yetirib və həmin ildən indiyə kimi müxtəlif variantlarda 2500 ədəddən çox istehsal olunub. 1996-cı ildən bu yana isə “Lockheed Martin” onun C-130J variantını istehsal edir.
Hazırda C-130J versiyası altında istehsal olunan 520-dən çox nəqliyyat təyyarəsi 22 ölkədə 26 fərqli müştəriyə xidmət göstərir.