IMA-07 – Azərbaycan istehsalı mina detektor
Mütəxəssislərdən təkmilləşdirmə təklifiAzərbaycanın istehsalı olan IMA-07 adlı mina detektoru (induction mine detector) Silahlı Qüvvələrin mühəndis-istehkam birliklərində istifadəyə qəbul edilib. “AzeriDefence” saytının məlumatına görə, keçmiş sovet istehsalı PR-507 modelinin təkmilləşdirilmiş versiyası olan IMA-07 öz vizual dəyişikliyinə görə anoloqundan xeyli fərqlənir. Həmçinin sağlamlığına və keyfiyyətinə görə bu cihaz PR-507-dən daha çox inkişaf edib. Daha yüngül çəkiyə malik IMA-07 tərkibində minimum metal olan minaları aşkar etmək imkanlarına malikdir. Detektorun yüksək üzə çıxarma həssaslığı var. Ölçüsündən asılı olaraq böyük və geniş obyektləri 70 sm, kiçik obyektləri (məsələn metal sikkələri) isə 20-25 sm dərinlikdə aşkar edə bilir.
Ötən ilin fevral ayında IDEX-2011 sərgisində nümayiş etdirildikdən sonra IMA-07 barədə Müdafiə Sənayesi Nazirliyinin təqdim etdiyi məlumatlar “Jane’s” şirkəti tərəfindən “Jane’s Mines and Mine Clearance” kataloqunda yerləşdirilib.
Artıq ölkə daxilində istifadəyə qəbul edilmiş mina detektorunun təkmilləşdirilməsi üçün mütəxəssislər tərəfindən bəzi təkliflər səsləndirilir. Mütəxəssislərin fikrincə, görünüşcə daha müasir olmasına baxmayaraq, PR-507-də mövcud olan bir sıra çatışmazlıqlar IMA-07 detektorunda da qalıb. Detektorun əsas problemləri kimi yağışlı havalarda yaxşı işləməməsi, eləcə də “beyninin tez dolması”, yəni siqnal sisteminin problemi göstərilir. Təxminən 20 dəqiqə istifadə olunduqdan sonra detektor davamlı siqnallar verməyə başlayır. Belə olan halda avadanlığı dayandırmaq və təkrar işə salmaq lazım gəlir.
Mütəxəssislər beynəlxalq bazarda yer tutması, eləcə də daha geniş istifadəyə qəbulu üçün IMA-07-lərin dayanıqlılığını artırmağı, akustik siqnal sistemini, mikroprosessoru təkmilləşdirməyi, eləcə də beynəəlxalq humanitar minatəmizləmədə zəruri olan standartları almağı zəruri sayırlar.
Belə ki, hazırda dünyada ən mükəmməl mina detektorlar “Vallon”, “Minelab”, CEİA, “L-3 CyTerra” və “Schiebel” korporasiyası tərəfindən istehsal edilir. Bu şirkətlərin məhsulları həm hərbi istehkamçılar, həm də humanitar minatəmizləmə əməliyyatlarında iştirak edən mütəxəssislər tərəfindən tövsiyyə olunur. Hazırda Azərbaycan Ordusunda istifadəsində milli istehsal olan IMA-07 ilə yanaşı Rusiya və Ukrayna istehsalı olan detektorlar da yer tutur. Humanitar minatəmizləmə əməliyyatlarında isə əsasən Almaniyanın “Vallon” və Avstraliyanın “Minelab” şirkətinin istehsalı olan mina detektorlardan istifadə edilməkdədir. “Vallon” şirkətinin məlumatına görə, 2011-ci ildə Azərbaycan tərəfi təcrübə və sınaq məqsədi ilə bir neçə VMR3 detektoru alıb. Hansı ki bu detektorlar sahəsində son model hesab olunur. Bu model analoqlarından bir sıra üstünlükləri ilə fərqlənir. Çəkisi yüngül olmaqla yanaşı, siqnal sistemi təkmilləşdirilib, əlavə vibrasiya imkanlarına malikdir. Detektor ona əlavə edilən “Cobham” radarı vasitəsi ilə qeyri-metal əşyaları da müəyyənləşdirə bilir.
Foto: PR-507 mina detektoru (istehsalçı SSRİ)