“İmpuls-M” döyüş robotunun sınaq görüntüləri paylaşılıb – VİDEO
Rusiyanın “Gumich” şirkəti tərəfindən inkişaf etdirilən yeni “İmpuls-M” yerüstü döyüş robotunun sınaq görüntüləri paylaşılıb.
“Poliqon” “Rostex” Dövlət Korporasiyasına istinadən xəbər verir ki, sınaqlar zamanı “İmpuls-M” əlverişsiz relyefdə hərəkət etmək, keçid və xəndəkləri aşmaq, habelə dik əraziyə yükün qaldırılması kimi bir sıra testlərdən keçib.
Modul dizayn quruluşuna sahib olan “Impuls-M” robotu 1 tona yaxın yükgötürmə qabiliyyətinə və qoşquda 500 kq yükü daşımaq bacarığına malikdir. Robotun hərbi versiyası tank əleyhinə raket kompleksi və döyüş modulu ilə təchiz edilib. Bundan başqa, “İmpuls-M” minaların qoyulması, yüklərin daşınması və yaralıların təxliyəsi üçün də istifadə edilə bilər.
Müxtəlif növ rabitə imakanına malik “İmpuls-M” düşmənin elektron müharibə sistemlərinə qarşı davamlıdır. Buna baxmayaraq operatorla əlaqənin kəsildiyi vəziyyətlərdə belə “İmpuls-M” robotu süni intellekt elementlərinin və sensorlarının sayəsində müstəqil şəkildə bazaya qayıda bilir.
Qeyd edək ki, “İmpuls-M” robotu “Gumich” şirkəti tərəfindən hazırlanıb və “Rostex” Dövlət Korporasiyası layihənin ortaq sərmayəçisidir.