İran “Bavar-373” ZRK-nin ixrac versiyasını hazırlayıb

İran “Bavar-373” ZRK-nin ixrac versiyasını hazırlayıb

İranda “Bavar-373” zenit-raket kompleksinin (ZRK) ixrac versiyası olan yeni AD-200 uzaq mənzilli hava hücumundan müdafiə (HHM) raket sistemi hazırlanıb.

“Poliqon” xəbər verir ki, AD-200 zenit-raket kompleksinin ixrac kataloqunda qeyd olunub ki, yeni ZRK istənilən hava şəraitində uzaq məsafədən hava hədəflərini tutmaq və zərərsizləşdirmək üçün nəzərdə tutulub.

AD-200 ZRK 12 raketlə eyni vaxtda 6 hədəfi vura bilir. AD-200 raketi təyyarələr, helikopterlər, pilotsuz uçuş aparatları və qanadlı raketlər kimi geniş spektrli hava hədəflərini məhv etmək imkanına malikdir.

AD-200 raket sistemi 5-200 km məsafədə, 100 m-dən 27 km-ə qədər hündürlükdə olan hava hədəflərini zərərsizləşdirə bilir. Raketin diametri 515 mm, ümumi çəkisi 2050 kq, döyüş başlığı 180 kq-dır. Raket yarı aktiv və aktiv radar təyinatlı məlumat bağlantısı vasitəsilə yenilənmiş inersial naviqasiya sisteminə malikdir.

ZRK ağır yük maşınına quraşdırılmış orta və uzaq məsafələrdə aerodinamik hədəfləri və ballistik raketləri aşkarlamaq və izləmək üçün mərhələli radarlardan istifadə edir. AD-200 SR hədəf aşkarlama radarı 360° azimut və -3° ilə +85° yüksəklikdə maksimum 320 km məsafədəki hədəfləri aşkar edir. O, eyni vaxtda 200 hədəfi aşkar edə bilir. AD-200 TR hədəf izləmə radarı 360° azimut və -3° ilə +85° yüksəklikdə maksimum 260 km məsafədəki hədəfləri izləyir. O, eyni vaxtda 6 hədəfi izləyə bilir.

Məlumat üçün qeyd edək ki, İran istehsalı olan “Bavar-373” ZRK ilə bağlı ilk məlumat 2016-cı ilin avqustunda üzə çıxıb. 2019-cu il avqustun 22-də İran prezidentinin iştirakı ilə keçirilən mərasimdə “Bavar-373” ZRK rəsmi olaraq təqdim edilib və həmin gün işə salınıb.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS