İran Rusiyadan S-400 ZRS almaq istəyi ilə bağlı xəbəri rədd edib

İran Rusiyadan S-400 ZRS almaq istəyi ilə bağlı xəbəri rədd edib

İran hava hücumundan müdafiə (HHM) sahəsində öz-özünü təmin edə bilir.

“Poliqon”un “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu fikirləri İranın müdafiə naziri Məhəmmədrza Aştiani ölkənin yerli media nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında deyib.

İranlı nazir bildirib ki, Tehran texnologiya məsələsində yüksək səviyyəyə çatıb və hava hücumundan müdafiə sənayesi sahəsində özü-özünü təmin edə bilib

İran və Rusiya arasında müxtəlif sahələrdə olan dostluq əlaqələrini yüksək qiymətləndirən M. Aştiani Tehranın Moskvadan S-400 zenit-raket sistemi (ZRS) almaq istəyi ilə bağlı “Bloomberg” agentliyinin yaydığı xəbəri rədd edib: “S-400 sistemini almağa ehtiyac yaranarsa, bunu edəcəyik. Lakin hazırda ehtiyacımız yoxdur”.

“Bavar-373” zenit-raket kompleksi (ZRK) ilə əlaqədar məsələyə toxunan M. Aştiani vurğulayıb ki, bir sıra dövlətlər İranın adı çəkilən HHM sisteminə sahib olmağa can atır.

İran hərbi rəsmilərinin sözlərinə görə, “Bavar-373” ZRK ABŞ-ın “Patriot” və Rusiyanın “S-300” ZRS-lərindən daha üstün kompleksdir.

Qeyd edək ki, “Bavar-373” ZRK haqqında ilk dəfə məlumat 2016-cı ildə ortaya çıxıb. 2019-cu ilin avqustunda kompleksin rəsmi təqdimatı baş tutub. Ötən ilin noyabr ayında isə onun təkmilləşdirilmiş versiyası nümayiş etdirilib.

Təkmilləşdirilmiş “Bavar-373” ZRK qısa mənzilli ballistik raketləri, bütün növ qırıcıları və bombardmançı təyyarələri məhv etmək üçün nəzərdə tutulub. O, eyni vaxtda 300-ə qədər hədəfi aşkarlamaq, 60 hədəfi izləmək və altı hədəfi vurmaq qabiliyyətinə malikdir. Təkmilləşdirmə nəticəsində “Bavar-373”ün məhv etmə məsafəsi 200-dən 300 km-ə, döyüş hündürlüyü isə 27-dən 32 km-ə yüksəldilib.

Ötən ilin noyabrında təkmilləşdirilmiş “Bavar-373” ZRK-nin atış sınaqları da keçirilib. Kompleksin sınaqları zamanı hədəf 450 km-dən çox məsafədə aşkar edilib və 305 km məsafədə vurulub.

Poliqon.az

CATEGORIES
TAGS