İran yeni ballistik raketini və PUA-sını nümayiş etdirib

İran yeni ballistik raketini və PUA-sını nümayiş etdirib

İran yeni “Cihad” ballistik raketini və “Shahed”  pilotsuz uçuş aparatının (PUA) yeni “Shahed-136B” versiyasını nümayiş etdirib.

“Poliqon” “Tasnim”ə istinadən xəbər verir ki, şənbə günü 23 ballistik raket, o cümlədən 2 “Khaybar-buster”, 2 “Fattah”, 4 “Hajj Qassem”, 2 “Qadr-H”, 2 “Emad” raketi, 3 “Khorramshahr”, 4 “Sejjil” və 4 “Cihad” raketi nümayiş olunub.

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli olan “Tasnim” nəşri yeni “Cihad” ballistik raketinin maye yanacaqla işlədiyini iddia edir. Eyni zamanda, “Al-Monitor” İranın dövlət xəbər agentliyi IRNA-ya istinadən xəbər verir ki, bu, bərk yanacaqla işləyən raketdir. Həmçinin bildirilir ki, yeni raket ayrıla bilən qəlpəli-fuqas döyüş başlığına və 1000 km mənzilə malikdir. Raketlər SEPAH Hərbi Hava-Kosmik Qüvvələrinin silahlanmasıns daxil olub.

Yeni raketlə yanaşı, “Shahed-136” PUA-nın yeni versiyası – “Shahed-136B” kamikadze PUA təqdim edilib.

“Shahed-136B” PUA-nın fotoşəkillərinə əsasən, qeyd etmək olar ki, o nəinki yeni gövdə, həm də tamamilə fərqli aerodinamik sxem alıb. Uçan qanad sxemi əvəzinə klassik aerodinamik sxem seçilib. Bu isə, onun “Shahed-136B” PUA-nın modernləşdirilməsi deyil, “Shahed-136”nın yaradılması və təkmilləşdirilməsi zamanı əldə edilən nəticələrdən istifadə edən daha yeni PUA olduğunu göstərir.

Güc qurğusu olaraq, yeni PUA hələ də porşenli daxili yanma mühərrikindən istifadə edir. “Al-Monitor” nəşrinin məlumatına görə, yeni PUA-nın uçuş məsafəsi 4000 km-ə çatır.

Xatırladaq ki, 2024-cü il sentyabrın 19-da Rusiyada ilk dəfə olaraq İranın “Shahed-236” hücum PUA-sı optik tuşlama sistemi ilə nümayiş etdirilib. Hansı ki, optik stansiya sayəsində o avtonom hədəf axtarma və operator tərəfindən əllə tuşlama imkanı əldə edib. Onun uçuş məsafəsi retranslyator olmadan 70 km, PUA retranslyator ilə 220 km elan edilib.

Əlavə olaraq qeyd edim ki, “Shahed” sinfinə aid PUA-lar döyüş, kəşfiyyat və zərbə (kamikadze) versiyalarında istehsal edilib.

Eyni zamanda, İran Qərb hökumətləri tərəfindən Ukrayna ilə müharibədə istifadə etmək üçün Rusiyaya həm PUA-lar, həm də raketlər verməkdə ittiham olunur, İran isə, dəfələrlə bu ittihamı rədd edib.

Hələlik son olaraq, İngiltərə, Fransa, Almaniya və ABŞ bu ayın əvvəlində İranın Rusiyanın Ukraynadakı müharibə səylərini ballistik raketlərlə təmin etdiyini iddia edərək, ona qarşı yeni sanksiyalar tətbiq edib.

Əhəd Vahidoğlu

CATEGORIES