İraq Ordusu Rusiya helikopterlərini silahlanmaya qaytarıb
İraq Silahlı Qüvvələri aviasiya parkında yer alan Rusiya istehsalı olan Mi-35M hücum helikopterləri və çoxməqsədli Mi-17 helikopterlərini təmir etdirir.
“Poliqon” xəbər verir ki, bu barədə İraq Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, İraq Ordusunun Mi-35M və Mi-17 helikopterləri Rusiya mühəndisləri tərəfindən təmir edildikdən sonra xidmətə qaytarılıb.
İraqın müdafiə naziri Cuma İnad Sadun Ordunun silahlanmasına qaytarılan təmir olunmuş helikopterləri yoxlamaq üçün Taci hərbi aviasiya bazasına baş çəkib.
İraq müdafiə nazirinin helikopterləri yoxladığını əks etdirən videogörüntülərdə təmirdən yeni qayıtmış ən azı 10 helikopter havaya qalxıb.
Tədbirdə çıxış edən müdafiə naziri Rusiya istehsalı olan helikopterlərin xidmət qabiliyyətinin çox zəif olduğunu bildirib.
“Biz indicə bir neçə hərbi helikopterin təmir kampaniyasını nümayiş etdirdik və onları eyni vaxtda uçurduq. Bu kampaniyanı davam etdiririk və yaxın gələcəkdə bütün sıradan çıxmış helikopterləri təmir etdirməyi və bununla da ümumi hazırlıq səviyyəsi 80%-dən çox olana qədər helikopterlərin ikinci partiyasını təmir etdirməyi planlaşdırırıq”, – deyə İraqın müdafiə naziri vurğulayıb.