
İriçaplı ov tüfəngləri ailəsinə yeni bir əlavə olunub
“Standard Manufacturing” şirkətinin DP-12, IWI şirkətinin Tavor TS12 və digər modellər sırasına ABŞ-ın “Smith & Wesson” şirkətindən kompakt M&P12 Pump Action Shotgun pompalı ov tüfəngi də qoşulub.
“Poliqon” xarici mediaya istinadən xəbər verir ki, yeni silah “bullpup” sxemi üzrə hazırlanıb və iki lüləaltı boruvari maqazinlə təchiz edilib.
Boruvari maqazinlərin hər birində 7 ədəd standart 12 çaplı (12 gauge) patron yerləşir və başqa bir patronun patron yuvasına yeridildiyi nəzərə alınmaqla ov tüfəngi ümumilikdə 15 ədəd patron daşıyır. Məlumat üçün qeyd edək ki, standart 12 çaplı patronun millimetrlə ölçüsü 18,5 mm, gizlinin uzunluğu isə 70 mm-dir. 12 çap “Magnum” patronlarda gilizin uzunluğu 76 mm, “Super Magnum” patronlarda isə 89 mm-dir.
Tüfəngdə gilizinin uzunluğu 44 mm-ə qədər olan mini patronlardan da istifadə etmək mümkündür ki, bu da sursat ehtiyatını xeyli artırır. Maqazinlər arasında keçid ayrı ikitərəfli düymə vasitəsilə həyata keçirilir.
Tüfəng nisbətən kiçik ölçüləri, balanslaşdırılmış iki tərəfli kompanovkası və silahdan istifadə prosesini əhəmiyyətli dərəcədə asanlaşdırmaq üçün hazırlanmış müxtəlif yeni sistemləri ilə seçilir.
Silahın yenidən doldurulması lülə yatağının hərəkəti ilə klassik “pompa” sxeminə uyğun olaraq həyata keçirilir. Bu vəziyyətdə, lülə yatağına əlavə bir tapança əl dəstəyi bərkidilə bilir. “Smith & Wesson” şirkətinin M&P12 tüfəngi, müxtəlif aksesuarlar quraşdırma qabiliyyəti ilə yanaşı daha da fərdiləşdirmə qabiliyyətinə malik olan taktiki silahlara aiddir.
Ov tüfənginin kütləsi 3,75 kq, ümumi uzunluğu 70 sm, hündürlüyü 22 sm və eni 9,4 sm-dir. Bununla belə, “bullpup” sxemi sayəsində konstruksiyaya 48 sm uzunluğundakı lüləni yerləşdirmək mümkün olub.
M&P12 Pump Action Shotgun tüfəngi, tənzimlənə bilən genişliyə malik erqonomik tapança əl dəstəyi, atəşi keçirmə dəstəyi, geniş rezin arxalıqlı polimer qundaq, klassik ikitərəfli qoruyucu və Picatinny rail və M-LOK tipli universal bərkitmə kronşteynləri ilə təchiz olunub.
Əhəd Əzizov